Siyasət 2 İyul 2023, 0:17 | Baxış sayı: 161
“Fransanın demokratiyadan danışmağa heç bir haqqı yoxdur”

“Hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biri də media azadlığıdır. Özünü demokrat hesab edən ölkələr media nümayəndələrinin sərbəst fəaliyyətinə hər cür şəraiti yaratmalıdırlar. Amma “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşlarının Fransada çəkiliş zamanı zorakılıqla üzləşməsi, onlara hədə-qorxu gəlinməsi bu ölkədə media azadlığının səviyyəsini göstərir. Sübut edir ki, Fransada mətbuat və söz azadlığı tamamilə boğulur, jurnalistlərin peşə fəaliyyətini sərbəst şəkildə icra etməsinə qətiyyən yol verilmir. Baş verən hadisəni araşdırmaq, olanlara obyektiv qiymət vermək, günahkarları məsuliyyətə cəlb etmək vəzifəsi, təbii ki, Fransa hökumətinin üzərinə düşür. Lakin rəsmi Parisdən belə bir cəsarəti gözləmək ən azından sadəlövhlük olardı. Bu arada “Sərhədsiz Reportyorlar”, “Freedom House” kimi təşkilatlardan da səs çıxmır, elə bil baş vermiş bu biabırçılıqdan xəbərsizdirlər. Hazırda məlum səbəblərdən dünya ictimaiyyətinin gözü Fransadadır. Bəs bu təşkilatlar hara baxır?! Niyə azərbaycanlı jurnalistlərə qarşı törədilən vəhşiliyə reaksiya vermirlər!?”


Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.


“Tərəddüdsüz deyə bilərik ki, Fransada insan hüquqları tamamilə tapdanır, etnik ayrı-seçkilik zəminində xoşagəlməz hadisələr baş verir. Demək olar ki, ölkə hakimiyyətin səriştəsiz, qeyri-demokratik fəaliyyəti nəticəsində çalxalanır. Nanter şəhərində polis tərəfindən Əlcəzair əsilli 17 yaşlı gəncin qətlə yetirilməsi isə, sözsüz ki, milli məsələdir. O, qeyri-millətdən olduğu üçün öldürülüb və Fransa hakimiyyətinin əsl simasını göstərir. Bu da təəccüblü deyil. Biz tarixdən Fransanın əlcəzairlilərə necə divan tutdğunu bilirik. Görünür, bu siyasət bu gün də davam edir. Əhalinin haqlı narazılığına polisin sərt müdaxiləsi, insanlara dəyənəklərlə xəsarətlərin yetirilməsi, həbs olunmaları həmçinin bu ölkədə sərbəst toplaşmaq hüququnun demokratiyanın ziddinə olaraq məhdudlaşdırıldığını göstərir. Uzun illər insan haqlarından dəm vuran, demokratiyanı əldə silah tutub digər ölkələrin daxili işlərinə qarışan, bir boşluq görən kimi onu antidemokratik fonda şərh edən rəsmi Paris, görəsən, bundan sonra da utanmadan bu əməlini davam etdirəcəkmi!?”, - Milli Məclisin deputatı bildirib.


“Bu yaxınlarda Fransa tarixinin ən uğursuz prezidenti Emanuel Makron Marsel şəhərində erməni icması ilə görüşdə yenə də Azərbaycan əleyhinə yersiz fikirlər dedi. Özünü elə göstərməyə çalışdı ki, güya Cənubi Qafqazda baş verən hadisələrə təsir gücü var. Onun çıxışının maraqlı tərəfi o idi ki, hadisələrdən tamamilə bixəbərdir. Azərbaycanla Ermənistan arasında aparılan danışıqların hansı mərhələdə olduğunu bilmir, amma mənasız bəyanatlar səsləndirir. Ermənistan tərəfi artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağın ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu etiraf edib. Ona görə Makronun bu kimi qərəzli yanaşmaları reallıqları dəyişə bilməz”, - AHİK sədri vurğulayıb.


Səttar Möhbalıyev əlavə edib ki, hazırda Fransa dünyada nüfuzunu tamamilə itirmək üzrədir, artıq orada baş verən hadisələrdən dolayı bu ölkənin nə insan haqlarından, nə söz və mətbuat azadlığından, sərbəst toplaşmaq huququndan, nə də ümumilkdə demokratiyadan danışmaq haqqı var. 

Xəbərlər