Siyasət 16 Mart 2023, 10:32 | Baxış sayı: 101
“Fransada insan hüquqları ciddi şəkildə pozulur, müsəlmanlar davamlı olaraq ayrı-seçkiliyə məruz qalırlar”

Avropa İttifaqı ölkələri sırasında islamofobiyanın ən çox yayıldığı ölkədən biri Fransadır. Özünü demokratik dəyərlərin və mədəniyyətin beşiyi hesab edən bu ölkədə insan hüquqları ciddi şəkildə pozulur, müsəlmanlar davamlı olaraq ayrı-seçkiliyə məruz qalırlar. Bu gün Fransada müsəlmanların öz dini ayinlərini yerinə yetirmələri üçün şərait yaradılmır və məhdudiyyətlər qoyulur. İslamofobiya bu gün artıq Fransanın siyasətində və bu ölkənin Prezidenti Makronun təfəkküründə, düşüncəsində özünə möhkəm yer tutub. Azərbaycana və Türkiyəyə qarşı qərəzli yanaşmanın kökündə də Fransanın islamafob siyasəti dayanır.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Ceyhun Məmmədov bildirib.

 

“Qeyd edim ki, İslam dünyasının nüfuzlu simalarından olan Məhəmməd peyğəmbərin şəxsiyyəti də Fransada dəfələrlə təhqir olunub, karikaturası çəkilib. Bu, İslam aləminə təhqir və hörmətsizlikdir. Müsəlmanların peyğəmbəri təhqir olunur, Fransa isə bu hadisəni ölkədəki insan hüquqları, mətbuat azadlığı və digər amillərlə əsaslandırmağa çalışır. Fransanın bir sıra mətbu orqanlarının zaman-zaman Türkiyə ilə bağlı qərəzli yanaşmaların da şahidi oluruq. Fransanın anti-türk, anti-müsəlman mövqeyi ilə seçilən “Charlie Hebdo” jurnalı qardaş ölkədə dağılan binaların, çevrilmiş avtomobillərin karikatura paylaşmışdı. Bu hərəkət insanlıqdan uzaq yanaşmadır. Fransanın bu yanaşması haqlı olaraq hiddət doğurdu. Fransada islamofobiya probleminin kökü dövlətin rəhbər tutduğu dünyəvilik prinsipində deyil, ölkənin tarixi müstəmləkəçilik siyasətində və hazırkı hökumətin yürütdüyü irqçi təfəkkürdə axtarılmalıdır. Hazırda Fransa cəmiyyətində müşahidə edilən islamofobiya hər hansı qorxu və ya tarixi inamsızlıqdan irəli gəlmir, müsəlmanlara qarşı nifrətin və müstəmləkəçi irqçiliyin siyasi elita tərəfindən manipulyasiya edilməsindən qaynaqlanır. İslamofobiyanın yaranması dünyamız üçün böyük təhlükədir. İslam dininin, onun peyğəmbərinin, müqəddəs kitabımız “Qurani-Kərim”in təhqir olunması heç bir çərçivəyə sığmır”, - C.Məmmədov qeyd edib.

Xəbərlər