Siyasət 25 Oktyabr 2022, 14:36 | Baxış sayı: 151
"Fransa mallarının alınmasına, ticarət əlaqələrinə son qoymalıyıq"

“Fransa Prezidentinin də, Fransa Senatının da, siyasətçilərin, eyni zamanda, parlament üzvlərinin də mövqeyi bizə aydındır. Onlar dəfələrlə Azərbaycan əleyhinə müəyyən qətnamələr qəbul etmək istəyiblər. Təssüf ki, riyakar əməllərini bu gün də davam etdirirlər. Fransaya qarşı sanksiya tətbiqi barədə fikirlər bir neçə aydır səslənir. Bu, anlaşılandır. Çünki başda Prezident Emmanuel Makron olmaqla Fransa Azərbaycana qarşı ermənipərəst mövqe tutub. Azərbaycan da öz sözünü deməlidir. Fransa ilə müəyyən mədəni, siyasi, iqtisadi əlaqələrimiz var. Əlbəttə ki, bu əlaqələr kəsilməli, Fransa ilə əməkdaşlığa yenidən baxılmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, Fransa Azərbaycana qarşı neft və qaz embarqosu qoymağı düşünürsə, bunu Avropa ölkələri qəbul etməyəcəklər: “Avropa ölkələrinin enerji təhlükəsizliyi təmin olunmalıdır. Azərbaycan da bu məsələdə aparıcı rollardan birini oynayır. Avropa İttifaqı buna artıq öz qiymətini verib. Belə bir böhran vəziyyətində Avropa ölkələri Fransanın Azərbaycan əleyhinə qərarını dəstəkləməyəcəklər. Ona görə də elə bir faciəli hal yoxdur. Fransa ilə əlaqələrimizə yenidən baxmalıyıq. Bu məsələ Milli Məclisdə də bir neçə deputat həmkarım tərəfindən səsləndirilib, fikirlərimizi demişik. Fransa belə bir yola əl atarsa, Azərbaycana embarqo qoymaqla bağlı qərar verərsə, şübhəsiz ki, Azərbaycan hakimiyyəti də sözünü deyəcək. Fransa artıq açıq-aydın Azərbaycanla düşmənçilik mövqeyindədir. Azərbaycan Fransanın şirkətlərinə sanksiya tətbiq etməlidir. Onların Azərbaycandakı fəaliyyətləri məhdudlaşdırılmalıdır. Fransa mallarının alınmasına, ticarət əlaqələrinə son qoymalıyıq”.

Xəbərlər