“Fransa hökuməti Azərbaycanın firəngli biznesmenlərə yaratdığı şəraiti nəzərə almalı idi”
“Qarabağ müharibəsindən sonrakı və əvvəlki geosiyasi vəziyyətin təhlilini apararkən, çox təzadlı münasibətlər müşahidə edirəm. Bu 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən səsvermələrdə iştirak edən İran və ATƏT həmsədrlərindən olan Fransa zəfərdən sonra sanki ciddi narahatlıq yaşayırlar. Təbii ki, bizdə bütün bunlar əvvəlcədən təxminlərlə də olsa hesablanmışdı. Bəlli idi ki, dünya dövlətlərinin hamısı Azərbaycanın qələbəsini dəstəkləməyəcək və sevinməyəcək. Biz bunu 44 günlük savaşın hər günü dünya mətbuatında gedən çıxışlar və rəsmi mövqelərdən artıq aydınlaşdırmışdıq. İndi bir daha bütün ictimaiyyət də gördü ki, niyə münaqişə 30 il müddətində həll olunmayıb. Hazırda Fransa və İran elə bir mövqe nümayiş etdirirlər, sanki Azərbaycanın müharibəsi Ermənistanla deyil, bu iki ölkə ilə olub. Bu məqamda, təbii ki, Ermənistan hakimiyyətinin də rolu böyükdür. Əgər Baş nazir Nikol Paşinyan vahid bir mövqe nümayiş etdirsəydi, bu gün sülhdən və dislokasiyadan yox, qarşılıqlı əlaqələrin bərpasından danışardıq. Düşünmürəm ki, Ermənistan hakimiyyəti özü sərbəst qərar qəbul edib, problemin həllinə çalışacaq iqtidardadır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, hazırda İran Zəngəzur dəhlizinə və dislokasiyaya maneə olan dövlətlərdən biridir: “Amma Fransa Senatının qərəzli və mənasız, hüquqa zidd sənədinə Azərbaycan da öz cavabını verməli idi. Münaqişəni uzadanlar artıq gizli deyil, açıq-aşkar niyyətlərini ifadə edirlər. İranın strateji marağı, çox güman ki, Fransa hökumətinin də maraqları ilə üst-üstə düşür. Bu dövlətlər Ermənistan işğalında olan Azərbaycan torpaqlarından bu günə kimi faydalanıblar, indi də istəmirlər ki, əllərindən çıxsın. Bu, elə birbaşa Fransanın və beynəlxalq hüquq çarcısı olan dövlətlərin iştirakı ilə qəbul olunmuş konvensiyalara, bir sözlə, beynəlxalq hüquqa ziddir. Tarixə nəzər salsaq, Fransanın törətdiyi qətliam və faciələri də qabarda bilərik. 100 illər əvvələ qədər öz qonşularına qarşı terror törətmiş bir dövlətin əqidə və məramca özünə yaxın olan Ermənistanı dəstəkləməsi də adi haldır. İranın isə dünyada törədilən əksər terror aktlarında adı çəkilir, terror təşkilatlarını yaratmaq və maliyyələşdirməkdə ittiham olunur. İllərdir ki, Qərbin İrana qarşı aqresiyyası da bununla bağlıdır. Bu gün bütün dövlətlərlə münasibətlər yaratmaqda, qarşılıqlı, xoş niyyətli ittifaqlar qurmaqda olan Azərbaycan hər zaman İran və Fransaya xoş məramını nümayiş etdirib. Hətta onların əzəli düşməni olan Böyük Britaniya və İsraillə də münasibətlərdə bitərəfliyini qoruyub. Hazırda ölkəmizdə 300-ə yaxın Fransa şirkəti fəaliyyət göstərir. Düşünürəm ki, Fransa hökuməti Azərbaycanın firəngli biznesmenlərə yaratdığı şəraiti də nəzərə almalı idi”.