Siyasət 18 Yanvar 2024, 15:37 | Baxış sayı: 170
“Fransa destruktiv addımları ilə regionunda gərginlik yaratmağa cəhdlər edir”

Fransa Senatı yanvarın 17-də hökumətin Azərbaycana qarşı sanksiya tətbiq etməsi ilə bağlı gülünc qətnamə qəbul edib. Bu mənasız sənədin erməni lobbisinin təhriki ilə atıldığı heç kimdə şübhə doğurmur. Həmçinin sübut edir ki, Fransa hökuməti və parlamenti orada yaşayan ermənilərin əlində bir oyuncağa çevrilib. İstədikləri qərarı qəbul etdirir, istədikləri yanlış yola yönəldirlər. Təbii ki, bu da səbəbsiz deyil, çünki bu qətnaməni hazırlayanlar, qəbul olunmasına səs verənlər erməni lobbisindən, sözün əsl mənasında, qidalanırlar. Odur ki, proseslərə erməni lobbisinin gözü ilə baxır, onlar kimi düşünür və qiymət verirlər. Sözsüz ki, bu qətnamə könül bulandırsa da, onun Azərbaycana heç bir təsir gücü ola bilməz və hüquqi məzmun daşımır”.

Bu fikirləri  Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, qətnamənin qəbul olunması üçün ortaya atılan arqumentlər də tamamilə yalan və böhtandır: “Qarabağın erməni sakinlərinin bölgəni könüllü, Azərbaycan tərəfinin heç bir təsiri olmadan tərk etdiyi beynəlxalq təşkilatlar, o cümlədən BMT missiyası tərəfindən təsdiqlənib, Avropa Şurasının İnsan hüquqları üzrə komissarının hesabatında etiraf olunub. Burada insan hüquq və azadlıqlarının pozulmasından da söhbət gedə bilməz. Eləcə də rəsmi Parisi narahat edən məqam onun Azərbaycan tərəfindən Cənubi Qafqazda çirkin siyasətinin iflasa uğradılmasıdır. Çünki 30 il hər cür dəstək verdiyi, havadarlıq etdiyi Ermənistanın işğal siyasəti məhv edildi. Bugünkü çabaların isə heç bir nəticəsi olmayacaq”.

“Mən hesab edirəm ki, ümumiyyətlə, Fransa kimi dövlətlərin insan hüquqlarından, insani dəyərlərdən danışmağa heç bir haqqı çatmır. Buna ən azından onların qara keçmişi, törətdikləri insanlıq əleyhinə cinayətləri imkan vermir. Tarixin vərəqlədikcə ancaq qarşımıza 50-dən çox dövləti işğal etmiş, sərvətlərini talamış, xalqlarını əsarətdə saxlamış bu ölkənin vəhşilikləri, soyqırımıları, müharibə cinayətləri çıxır. Təkcə müstəmləkə illərində Fransa silahlı qüvvələri tərəfindən yüz minlərlə dinc sakin milli və dini mənsubiyyətinə görə öldürülüb. Bu gün də Fransa müstəmləkəçilik siyasətindən əl çəkmir.
Buradan məlum olur ki, işğalçılıq bu ölkənin fitrətindədir və həm də bu səbəbdəndir ki, Azərbaycanın Ermənistan işğalına son qoymasından bu qədər narahatlıq keçirir”, - Səttar Möhbalıyev vurğulayıb.

“O ki qaldı sanksiyalara bu, demək olar ki, kökündən yanlışdır. Qəribəsi odur ki, senatorlar hələ də Azərbaycanın regionda real güc sahibi olduğunu anlamırlar. Görmürlər ki, Azərbaycandan icazə almadan regiona girmək olmaz, çünki hər cəhətdən burada böyük söz sahibi odur, iştirakı olmadan heç bir layihə ərsəyə gələ bilməz. Azərbaycan eləcə də dünya üçün, o cümlədən də Avropa üçün ən vacib ölkələr sırasındadır. Fransa əgər Şərqdən Qərbə, Şimaldan Cənuba hərəkət edəcəksə, yolu mütləq Azərbaycandan keçəcək. Odur ki, sanksiya ilə əslində özünün regiondakı maraqlarına zərbə vurmuş olacaq. Bir də ki, belə ucuz oyunlarla Azərbaycanı heç kim ədalətə söykənən yolundan döndərə bilməz, haqq işinə kölgə salmağa gücü çatmaz. Bir sözlə, Fransa Senatının bu qətnaməsi də əvvəlkilər kimi, bizim üçün gərəksiz kağız parçasından başqa bir şey deyil”, - AHİK sədri əlavə edib.

demokrat.az

Xəbərlər