Əfqanıstanda həlak olan Azərbaycan sülhməramlılarına şəhid statusunun verilməsi təklif olunub
“Dünən Qubada keçirdiyim qəbulda 2 qazi var idi. Nə veteran kağızı ala bilir, nə başqa bir şey”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Deputat deyib ki, başqa bir xanım da qəbulunda olub: “Oğlu Azərbaycan sülhməramlılarının tərkibində Əfqanıstanda həlak olub. Bu qadının gəzmədiyi qapı qalmayıb. Son dəfə Prezidentin köməkçisi Məhərrəm Əliyevin qəbulunda olub. Deyilib ki, qanunda belə bir hal nəzərdə tutulmayıb. Biz bu məsələ ilə bağlı qanuna dəyişiklik etməliyik. Onun oğlu 14 ildir həlak olub, amma ona şəhid statusu verilə bilmir”.
Deputat bildirib ki, qanunda Azərbaycan hərbçiləri sülhməramlıların tərkibində həlak olduqda, onlara şəhid statusunun verilməsi yoxdur: “Təklif edirəm ki, Milli Məclisdə şəhid ailələri və müharibə veteranları ilə bağlı xüsusi dinləmə keçirək və problemləri müzakirə edək”.
Mənbə: apa.az