Siyasət 21 Aprel 2023, 18:10 | Baxış sayı: 105
"Formula-1 yarışlarının Bakıda keçirilməsi ölkəmizə böyük etimaddan irəli gəlir"

Formula-1 yarışlarının Bakıda keçirilməsinin siyasi-iqtisadi əhəmiyyəti var.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Azər Badamov deyib ki, beynəlxalq əhəmiyyətli oyunlar əsasən siyasi sabitlik təmin olunmuş və güclü iqtisadiyyatı olan ölkələrdə keçirilir: “Altıncı dəfə Formula-1 yarışlarının Bakıda keçirilməsi ölkəmizə olan böyük etimaddan irəli gəlir. Bu yarışların izləyicilərin arasında siyasətçilər, alimlər, iş adamları, idmançılar və müxtəlif sferalarını əhatə edən şəxslər olur. Bu da ölkəmizin tarixini, mədəniyyətini, iqtisadi potensialını təbliğ etməyə imkan yaradır. Formula -1 yarışların izləyici auditoriyası 500 milyondan çox olduğundan demək olar ki, dünya ictimaiyyətində Azərbaycan haqqında təsəvvür formalaşır”.

Deputat qeyd edib ki, Formula-1 yarışların iqtisadi əhəmiyyəti də çox böyükdür: “Dünyada turizm sektoru neft sektorundan sonra ən gəlirli sahə hesab olunur. Ona görə də beynəlxalq turizm sektoru üzərində güclü rəqabət mövcuddur. Ölkələr çalışırlar ki, daha çox turist cəlb etsin və bu sektordan daha çox paya nail olsunlar. Formula-1 yarışları bütün dünya tərəfindən izlədiyindən dünya ictimaiyyətin Azərbaycana marağını artır. Azərbaycan haqqında eşitməyənlərdə Azərbaycanı tanımağa başlayır və xaricilərdə ölkəmizə səfər etmək istəyi formalaşır. Digər tərəfdən bir-başa Formula-1 yarışlarına canlı baxmaq istəyən xarici turistlərin sayı da hər il artmaqdadır. Bunu bu ildə satılan biletlərin sayındakı kəskin artımı ilə də müşahidə etmək mümkündür. Qeyd etmək istəyirəm ki, Formula-1 yarışlarına bir dəfə baxmağa gələn insanlarda ölkəmiz haqqında yüksək təəssüratlar formalaşır və öz ölkələrinə qayıtdıqdan sonra ətrafındakı insanlara da ölkəmiz haqqında məlumatlar çatdırır. Bu da yeni turistlərin cəlbi üçün imkanlardır. Ölkəmizə çoxlu turistin gəlişi, ticarət, ictimai-iaşə, turizm sektorunun canlanmasına töhfə verir. Bu, həm daha böyük dövriyyələrin yaranması, həm də yeni iş yerlərin açılmasına töhfə deməkdir. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, bu yarışların Bakının mərkəzində keçirilməsi şəhər sakinləri üçün bir-neçə günlük çətinlik yaratsa da, verdiyi töhfələri uzun müddətli olur. Həm də Formula -1 yarışları keçirilən günlərdə Bakıda bir bayram əhval ruhiyyəsi yaranır. Bu da şəhər sakinlərin dincəlməsinə, yaradılmış proqramlardan yararlanmağına imkan verir. Formula-1 yarışlarının önəmli tərəflərindən biri də şəhid ailələrinə və qazilərimizə bir bayram əhval-ruhiyyəsinin yaşadılmasıdır. Təbii ki, bu həssas kateqoriyadan insanların da Formula yarışlarını izləmək istəkləri var və təşkilat komitəsi bu şəxslərə hər bir şərait yaradır. Hesab edirəm ki, Formula-1 yarışlarının Bakıda keçirilməsi əhəmiyyətli tarixi hadisədir”.

Xəbərlər