Cəmiyyət 28 Aprel 2023, 17:09 | Baxış sayı: 240
“Formula-1 Azərbaycanın tanıdılmasında çox böyük əhəmiyyətə malikdir”

"Formula-1 Azərbaycanın keçirdiyi ən böyük və ən önəmli idman layihələrindən biridir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai deyib.

Deputat qeyd edib ki, Formula 1-in ölkəmiz üçün faydasından bir neçə istiqamətdə qeyd oluna bilər:

"Ölkə iqtisadiyyatına, turizm sahəsinə, insan kapitalına olan təsiri və ölkənin tanıdılmasına olan təsiri. Formula 1-i bütün dünya üzrə 500 milyon insan izləyir. Qran-pri Azərbaycanın tanıdılmasında çox böyük əhəmiyyətə malikdir. Biz ildən-ilə daha çox turistin Azərbaycana səfər etdiyini görürük. Bu il maraq xüsusilə böyükdür, tribunalara biletlər tam olaraq satılıb. Qran-priyə 100-dən çox ölkədən turist gələcək. 

“PwC” şirkətinin hesablamasına görə, ilk 4 Qran-prinin ölkəyə vurduğu fayda, birbaşa və dolayı gəlirlər 506 milyon dollara bərabər idi". 

Millət vəkili bildirib ki, bu yarışın yerli şirkətlərə, yerli podratçılara da çox böyük faydası var: 

"Formula 1 sahəsində milyonlarla insan canlı yayımda Azərbaycanı, Bakımızı görür. Bu da təbii ki, həm ölkənin tanıdılması, həm də turistlərin cəlb olunması baxımından çox önəmlidir. Hər il bu yarışa dünyanın ən tanınmış idman jurnalistləri gəlir. F1 sayəsində ölkə ilə tanış olurlar, Azərbaycan haqqında məqalələr yazırlar. Ən gözəl misal Netlix-in gəlişidir. Bu platformada F1 haqda göstərilən filmdə Azərbaycan Qran-prisindən çəkilişlər göstərilir.  

Formula 1-in ən böyük faydalarından biri insan kapitalının yetişdirilməsidir. Formula 1-də çoxsaylı azərbaycanlı gənclər çalışır. Yerli mütəxəssislərimiz çalışır ki, hazırda həmin insanlar gedib başqa ölkələrdə keçirilən böyük tədbirlərin təşkilinə (Dubai Expo, digər Qran-prilərdə və s) cəlb olunurlar. 
Bu bizim komandamızın güclü olmasının göstəricisidir. Təbii ki, burada könüllülər, marşallar da var. Könüllülərin inkişafına, bacarıqlarının artırılmasına xüsusi diqqət verilir. 

Bakı Şəhər Halqası Akademiyası var ki, orada gənclərlə ayrıca iş aparılır. Həm dil kursları, həm kommunikasiya bacarıqları, liderlik bacarıqları, çoxsaylı təlimlər, treninqlər keçirirlər. Ona görə də bunun insan kapitalının inkişafı baxımından böyük önəmi var".

Xəbərlər