Cəmiyyət 9 Mart 2022, 16:16 | Baxış sayı: 269
Feministlər deyirlər ki, qadın ölümləri siyasidir. Bu halın 10 faizi siyasidirsə, feminizmin özü 100 faiz siyasidir".

“Martın 8-də aksiya keçirmək istəyən feministlər deyirlər ki, qadın ölümləri siyasidir. Bu halın 10 faizi siyasidirsə, feminizmin özü 100 faiz siyasidir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.

T.Kərimli qeyd edib ki, həmin qadınlar günahlarını onun-bunun üzərinə atmasınlar: “Azərbaycana tamamilə yad olan feminizm hərəkatı intişar edəndən boşanma və s. kimi problemlər adi hala çevrilib. Bu hərəkat qadınların süni şəkildə kişilərin üzərinə qaldırılmasında, ailə institunun dağıdılmasında, ağsaqqala hörmət ənənəsinin aradan götürülməsində, övlad-valideyn münasibətlərinin korlamasında böyük rol oynayır. Bilirsiniz, Qərb hər şeyi özünə oxşadır. Əlbəttə, dəfələrlə bildirmişik ki, Qərbin elmini, təcrübəsini qəbul etmək lazımdır. Amma adət-ənənələrimizdə köklü fərq var. “Mən qadınam, istədiyim hərəkəti edərəm, edirəm”, “Kişi pozğunluq edə bilirsə, mənim də pozğunluq etmək hüququm var” tipli zərərli fikirlər yayılır. Halbuki nə kişinin, nə də qadının bu hərəkətləri etmək hüququ var. “O, əxlaqsızlıq edirsə, mən də edirəm” yanaşması düzgün deyil. Əxlaqsız şüarlarla üzə çıxmaq lazım deyil. Qadınlar da kişiləri qətlə yetirirlər, elə yalnız kişilər öldürmür ki... 8 Mart – Beynəlxalq Qadınlar gününün qeyd edilməsinə mənfi baxmıram. Qadınlar günü 10 illər boyu normal şəkildə həyata keçirilib. İndi isə onların hüquqlarının müdafiəsi adı altında zərərli addımlar atılır. Bunu etməklə Qərbdəki ağalarına perfomans göstərirlər, qazanc əldə edirlər. Azərbaycanın ailə institunu içəridən dağıdırlar. Toplaşırlar, qadınlara hörmət edilir deyə, dəyənək dəymir. Təklif edirəm ki, iclas zallarında toplaşsınlar, fikirlərini səsləndirsinlər, biz də baxaq görək narazılıqları nədən ibarətdir. Niyyətləri başqadır, polis müdaxilə etsin, bunu da dünyaya nümayiş etdirsinlər ki, ölkədə qadın hüquqları pozulur. Bu cür ideyalar Azərbaycan üçün yaddır”.

 

 Ağsaqqallar Şurasının sədri Eldar Quliyev də bu məsələyə münasibət bildirib:

“Qadın ölümləri siyasi ola bilərmi?! Qadın anadır, müqəddəsdir. Buna siyasi don geyindirmək nəyə lazımdır?! Məgər xaricdə qadın ölümü baş vermir?! Siyasiləşdirmək lazım deyil, ortaya düzgün yanaşma qoyulmalıdır. Psixi pozuntulu insanlar var, məişət zorakılığı baş verir, sevgililər arasında qısqanclıq yaranır və s. Yəni, haqsız olsa da, səbəblər çoxdur. Belə çıxır ki, boşanmalar da siyasidir. Bizim cəmiyyətdə boşanmalar, adətən, qəbul edilmir. Elə mən özüm də düşünürəm ki, əgər ailə qurulubsa, təməli möhkəm olmalıdır. Həmin ailədə övladlar yetişir, boşanma çıxış yolu deyil”.

Deputat bildirib ki, hər şeyi siyasiləşdirib, əldə bayraq etmək olmaz.

“Qadın ölümlərinin qarşısını almaq üçün cəmiyyətin ayrı-ayrı üzvləri, müxtəlif dövlət qurumları, qeyri hökumət təşkilatları da səy göstərməlidirlər. Qadının cəmiyyətdə rolu, sağlam gender münasibətləri təbliğ edilməlidir. Milli Məclisdə 30 nəfərdən çox xanım deputat, bundan başqa, icra nümayəndələri, nazir müavini olan qadınlar var. Sual yaranır ki, niyə kişilər çoxluq təşkil edir? Çünki qadın həm də anadır. Ailədə əsas ağırlıq, uşaqların tərbiyəsi, qonaqların qarşılanması, evin təmizliyi - demək olar ki, çox şey elə qadının məsuliyyətindədir. Yəni, o demək deyil ki, hansısa qurumda 5 nəfər kişi varsa, mütləq 5 nəfər də qadın çalışmalıdır. Belə yanaşmaq olmaz, qadının ən böyük işi ailənin qayğısına qalmaqdır. Xuliqan kişilər var, qan görəndə sevinirlər. İllərlə həbsxanada olub çıxır, sonra yoldaşını ya hansısa xanımı qətlə yetirir. Bu da siyasidir?! Yəni, məişət zorakılığı zəmininində öldürülən qadınlar çoxdur. Bütün günü televiziyalarda, “YouTube”da, digər sosial şəbəkələrdə onun-bunun öldürülməsinə dair xəbərlər paylaşırlar. Bu, yanlış təbliğat üsuludur. Şoudan tərbiyələndirməyə keçməyin vaxtı gəlib”.

Xəbərlər