F. Ağamalı "İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir".
“Martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, münasib qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi dünyada Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana böyük etimadın və hörmətin növbəti göstəricisidir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirib.
F. Ağamalı deyib ki, qətnamə Prezident İlham Əliyevin fevralın 1-də ə Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülüb: “Azərbaycan Prezidentinin pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddətdə qlobal dəstək qazandı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi zaman kəsiyində qurumu COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə çoxtərəfli səylərin mərkəzi kimi təqdim etdi. Dövlət başçısının təşəbbüsünə uyğun olaraq, BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamədən əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda Komünike qəbul edildi”.
Millət vəkili qeyd edib ki, BMT-nin İnsan Hüquqları Şurasında qəbul olunan qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarına göstərdiyi mənfi təsirə və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğu diqqəti çəkir: “Pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayan qətnamə, bu baxımdan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixdə keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini də qeyd edir. Qətnamə BMT üzv dövlətləri və digər əlaqədar qurumları COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırır. Eyni zamanda, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə edən qətnamə, bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırır”.
F. Ağamalı həmçinin bildirib ki, qətnaməyə Ermənistan maneə olmağa çalışdı, amma uğursuzluğa məruz qaldı və rüsvay oldu: “Qətnamənin qəbul olunması zamanı çıxış edən Ermənistan nümayəndəsi ölkəsinin bir sıra təkliflərinin qətnamədə nəzərə alınmadığını bildirib. Ermənistanın təklifləri münaqişə zonalarına humanitar girişə imkan verilməsi və s. kimi məsələləri lüzumsuz yerə siyasiləşdirən təkliflər olub. Ölkəmizin diplomatik uğurlarına, beynəlxalq müstəvidə çəkisinin artmasına qısqanclıqla yanaşan və tamamilə mövzudan kənar danışan Ermənistan nümayəndəsi bildirib ki, Azərbaycanda 2020-ci ilin noyabrında “ermənilər yaşayan Qarabağ”da dezinfeksiya aparılmasını əks etdirən poçt markası dövriyyəyə buraxılıb və guya bununla Azərbaycan belə bir mesaj verib ki, ermənilər virusdur. Daha sonra Ermənistan nümayəndəsi Azərbaycanda guya ermənilərə qarşı nifrət zəminində çıxışların olduğunu, etnik təmizləmə aparıldığını iddia edib. Son olaraq Ermənistan qətnamənin BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyası kimi qlobal təşəbbüslərin alqışlandığı bəndi üzrə konsensusa qoşulmadığını bildirib. Əslində Ermənistanın bu bənd üzrə konsensusa qoşulmamasının yeganə səbəbi isə həmin xüsusi sessiyanın Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə çağırılmasıdır. Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib və bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Bununla da Ermənistan bir daha uğursuzluqla üzləşdi, beynəlxalq aləmdə rüsvay oldu”.