Plenar iclaslar 12 May 2023, 15:03 | Baxış sayı: 86
"Ermənistanın təxribatları Qarabağ və Şərqi Zəngəzurdakı layihələrin qarşısını ala bilməz"

Mayın 4-də Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura səfər etdi, bir çox şəhər və rayonda, o cümlədən Cəbrayıl və Qubadlıda yeni kənd, məktəb və xəstəxanaların təməlini qoydu.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, artıq bir neçə dəfədir Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura səfər edərək burada görülən işlərlə yaxından tanış olur, gərgin iş qrafikinə baxmayaraq hər iki regionda aparılan işlərə özü birbaşa nəzarət edir: “Bu, eyni zamanda, Prezident İlham Əliyevin həm Qarabağda, həm də Şərqi Zəngəzurda görülən işlərə nə dərəcədə əhəmiyyət verdiyini və həssas yanaşdığını göstərir. Bu gün görülən işlər irimiqyaslı layihələr nəticəsində Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydanına bənzəyir. Onu da qeyd edək ki, Prezident İlham Əliyev bölgədə infrastrukturla yanaşı, yeni iş yerlərinin yaradılması məsələsinə də xüsusi önəm verir. Bu baxımdan Araz Vadisi İqtisadi Zonasında görülən işlər xüsusi diqqət çəkir. Prezident İlham Əliyev bölgəyə səfər zamanı Şuşada da bir sıra yeni müəssisələrin, mədəniyyət abidələrinin, o cümlədən Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin təmirdən sonra açılışında da iştirak etdi. Bu da öz növbəsində Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə nə qədər bağlı olduğunu göstərdi. Onu da qeyd etmək lazımdır ki, bütün bu işlər Azərbaycan dövlətinin hesabına, xaricdən heç bir dəstək olmadan həyata keçirilir. Eyni zamanda, bütün bu işlər heç bir sosial layihə təxirə salınmadan həyata keçirir. Bu həm də bir daha onu söyləməyə əsas verir ki, Azərbaycan mərhələli şəkildə bütün məqsədlərinə ən qısa zamanda nail olacaq. Tezliklə Qarabağ və Şərqi-Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək”.

Ceyhun Məmmədov qeyd edib ki, səfərdən sonra Ermənistan təxribata əl atdı: “Azərbaycan ordusu təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistan bilməlidir ki, bu cür təxribatlar Azərbaycanın Qarabağ və Şərqi-Zəngəzurda həyata keçirdiyi layihələrin qarşısını ala bilməz”.

Xəbərlər