"Ermənistanın Azərbaycana qarşı beynəlxalq miqyasda apardığı bir kampaniya iflasa uğradı"
Ermənistanın Azərbaycana qarşı beynəlxalq miqyasda apardığı daha bir kampaniya iflasa uğradı.
Bunu açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Fatma Yıldırım bildirib ki, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı iş üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli müvəqqəti tədbirlər barədə qərarı rəsmi İrəvanın iddialarının əsassız olduğunu bir daha təsdiqlədi: “Sentyabr ayında Azərbaycan Ordusunun beynəlxalq hüquqa uyğun olaraq Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirləri nəticəsində separatçı erməni rejimi təslim oldu, qanunsuz hərbi birləşmələr tərksilah edildi. Bununla, dövlətimiz öz suverenliyini təmin etdi. Ordumuz antiterror tədbirləri keçirərkən beynəlxalq konvensiyalara uyğun olaraq humanitar qaydalara əməl etdi, mülki əhali hədəfə alınmadı. Dövlətimiz Qarabağın erməni əhalisinə ərazidə qalmağı və reinteqrasiya təklif edib. Lakin onların əksəriyyəti könüllü olaraq Ermənistana köçüblər”.
Deputat nəzərə çatdırıb ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyini şübhə altına alan sənəd qəbul etməyib: “Bu, çox təqdirəlayiqdir. Digər tərəfdən, məhkəmənin Ermənistanın Azərbaycanın bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız tələbini də rədd etməsi rəsmi İrəvanın özünü beynəlxalq miqyasda gülünc vəziyyətə salır. Çünki ölkəmizə qarşı beynəlxalq hüquqa zidd iddiaların irəli sürülməsinin sonu fiaskoya məhkumdur. Eyni zamanda, Məhkəmə tərəfindən qeyd olunan tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edir. Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək öhdəliyinə aiddir”.
Fatma Yıldırım qeyd edib ki, Azərbaycan dövləti hər zaman Qarabağın erməni sakinlərini Konstitusiya çərçivəsində bütün hüquqlarla təmin edəcəyini bəyan edib: “Azərbaycan çox millətli dövlətdir və burada hamı dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bərabər hüquqlara malikdir. Bu baxımdan, Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edərlərsə onlar da bərabər hüquqlara sahib olacaqlar. Ermənistan isə anlamalıdır ki, beynəlxalq hüquq Azərbaycanın tərəfində olduğu üçün onun beynəlxalq məhkəmələrə çıxardığı iddialar qəbul edilməyəcək. Əksinə, rəsmi İrəvan 30 illik işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vandalizm aktlarına, hərbi cinayətlərinə görə beynəlxalq məhkəmələrdə necə cavab verəcəyini düşünməlidir”.
apa.az