"Ermənistanla Azərbaycan baş-başa qalsa, Cənubi Qafqazda da problemlər olmaz"
"Ermənistanın üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsi, sərhədlərin delimitasiyası-demarkasiyası prosesini yubatması, sülh sazişinin imzalanmasını əngəlləməsi birbaşa məkrli məqsədləri ilə bağlıdır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı ötən gün Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribatlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistanda hesab edirlər ki, indiki şəraitdə sülh müqaviləsinin imzalanması onlar üçün əlverişli deyil:
"Yəni, hər hansı bir sənədi imzalasalar, həmin sənəd Ermənistanın üzərinə beynəlxalq və ikitərəfli hüquqi öhdəliklər qoyacaq. Həmin öhdəliklərin pozulması isə yeni bir şərait yaradacaq. Ona görə də Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirmir, delimitasiya-demarkasiya və sazişin sülh sazişinin imzalanması prosesini yubadır. Burada da Ermənistan konkret məkrli məqsəd güdür".
M.Qasımlı qeyd edib ki, Ermənistan Rusiya-Ukrayna müharibəsinin nəticəsini gözləyir:
"Ermənistan dövləti hesab edir ki, həmin müharibədə Rusiya məğlub olacaq. Nəticədə Rusiyada ermənipərəst bir şəxs ölkə rəhbəri olacaq və Ermənistan ona arxalanaraq yenidən özünün təcavüzkarlıq hərəkətlərini davam etdirəcək. Ermənistan indiki şəraiti özü üçün əlverişsiz hesab etdiyi üçün bu prosesi zamana buraxır.
Diplomatiyanın bir qaydası var: "hər hansı bir məsələ əgər zamanında uğurla həll oluna bilmirsə, uğursuz şərtlər olan sənədə imza atılmır". Bu səbəbdən də, Ermənistan əlverişli zamanın gəlməsini gözləyir.
Düşünürəm ki, bu vəziyyət Ermənistan üçün çox fəlakətlə nəticələnə bilər. Çünki heç bir dövlət Ermənistanı sona qədər müdafiə etməyəcək və heç bir ölkədə analar öz övladlarını erməni avantürası uğrunda ölməyə göndərməyəcək!
Ermənistan başa düşməlidir ki, onun rahat yaşamasının, inkişafının başlıca yolu qonşularla dil tapıb yaşamaqdan keçir. Kənardan üçüncü qüvvələrin regiona gətirilməsi həmişə Ermənistanın başına fəlakətlər gətirib. Regiondan kənar və ya regiona qonşu olan dövlətlər də əgər gərçəkdən sülh istəyirlərsə, Ermənistana təzyiqlər etməlidirlər, amma onların da bir çoxu bu təzyiqləri etmir. Çünki bəziləri bu regionda nifaq yaradaraq qalmaq istəyirlər, bəziləri də onun vasitəsilə bu regiona soxulmaq istəyirlər. Yoxsa Ermənistanla Azərbaycan baş-başa qalarlarsa, Ermənistan müstəqil olarsa və gələcəyinin nədə olduğunu düzgün müəyyənləşdirərsə, o zaman Cənubi Qafqazda problemlər də olmaz. Ermənistanın hazırda götürdüyü xətt isə yanlışdır və onu birbaşa faciələrə aparacaq"