"Ermənistan Xaçaturyanı müdafiə etməklə azərbaycanlılara qarşı soyqırıma bəraət qazandırmağa çalışır"
Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonunun Meşəli kəndinin azərbaycanlı sakinlərinə qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərdə iştirak etmiş cani Vaqif Xaçaturyanın Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində həbs edilməsi Azərbaycan cəmiyyəti tərəfindən təqdir olunur. Çünki bu şəxsin adı çoxdan beynəlxalq axtarışa verilmişdi və onun cinayətləri təsdiqləyən çoxsaylı sübutlar var.
Bunu açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Meşəli faciəsinin şahidi olan insanlar Vaqif Xaçaturyanın hansı amansız cinayətlər törətdiyini KİV-lərə danışırlar. Azərbaycan hüquq-mühafizə orqanlarının onu həbs etməsi Meşəli faciəsini yaşamış insanların qəlbinə böyük təsəllidir, şəhid olanların isə ruhu şaddır: “Azərbaycan bütün müstəvilərdə ədalətin bərpası uğrunda mübarizə aparır və buna nail olur. Meşəli cinayətinin iştirakçılarından olan, günahsız azərbaycanlıların qətlində iştirak edən Vaqif Xaçaturyanın saxlanılması, istintaqa cəlb edilməsi də ədalətin bərpasının növbəti təntənəsidir. Azərbaycan xalqına qarşı qanlı cinayət törədənlər məhkəmə qarşısında cavab verir. Əslində, tarixi və ilahi ədalət hər zaman öz yerini tapır – hər kəs törətdiyi cinayətin məsuliyyətini daşımağa məhkumdur. Xaçaturyanın da məsuliyyətə cəlb olunması bunu təsdiqləyir”.
Fatma Yıldırım qeyd edib ki, əli günahsız azərbaycanlıların qanına batmış Xaçaturyanın saxlanmasına qarşı Ermənistanın etiraz etməsi isə bu ölkənin hərbi cinayətləri dövlət səviyyəsində açıq şəkildə dəstək verməsinin bariz sübutudur: “Bu, bir daha göstərir ki, sözdə guya Azərbaycanla sülh müqaviləsinin imzalanmasını “istəyən” hazırkı Ermənistan iqtidarı əslində azərbaycanlılara qarşı soyqırımda əli olmuş şəxsləri müdafiə etməklə, onların törətdiyi cinayətlərə bəraət qazandırmağa çalışır. Yəni Ermənistan iqtidarı Vaqif Xaçaturyanı müdafiə etməklə azərbaycanlılara qarşı soyqırıma bəraət qazandırmağa çalışır. Ermənistanın belə davranışı beynəlxalq qınaq tələb edir. Biz inanırıq ki, Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə iştirakda ittiham olunan şəxslərin hamısı tezliklə ədalət məhkəməsi qarşısına çıxarılacaqlar. Xaçaturyan kimi cinayətkarın qanuni həbsini “siyasi şouya” çevirmək istəyənlər anlamalıdır ki, günahsız insanları amansızlıqla qətlə yetirən bütün canilərin sonu Vaqif Xaçatryan kimi olacaq.
APA