Siyasət 21 Noyabr 2023, 7:30 | Baxış sayı: 158
“Ermənistan tərəfi hər cür bəhanə ilə sülh prosesini ləngitmək istəyir”

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışına münasibət bildirib. 

A.Hacızadə “Qərbi Azərbaycan İcması”nın nümayəndələrinin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması istəyini və bu istiqamətdə aparılan təbliğatı Ermənistana qarşı “təcavüzə hazırlıq” kimi qələmə verən Paşinyanın dediklərinə cavab olaraq bildirib ki, Ermənistan rəsmilərinin Azərbaycanla sülh prosesində əməli addımlar əvəzinə əsassız və ziddiyyətli bəyanatlara üstünlük verməsi ənənəvi hal alıb.   


“Ermənistan tərəfinin iki aydan artıq müddətdə yubatdığı “sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinə şərhləri təqdim etmək və müqavilə üzrə danışıqlara başlamaq əvəzinə Azərbaycana qarşı iddialar səsləndirməsi qəbuledilməzdir”, XİN-nin mətbuat katibi qeyd edib.

Paşinyanın açıqlamasını şərh edən Milli Məclisin deputatı Asim Mollazadənin sözlərinə görə məqsəd beynəlxalq ictimaiyyətin fikrini yanlış istiqamətə yönəltmək və öz siyasətini ört-basdır etməkdir:

“Ermənistan tərəfi hər cür bəhanədən istifadə edərək sülh prosesini ləngitmək istəyir. Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Guya Azərbaycan Ermənistana təcavüz etmək istəyir, ərazi bütövlüyü və suverenliyinə təhdid yaradır. Bu cür yalanlarla gündəmdə qalmaq istəyirlər. Lakin Ermənistanın sülhdən başqa alternativi yoxdur. Müharibə aparacaq gücləri qalmayıb, revanş tələbi ilə çıxış edə bilməzlər. Hər dəfə bir-birini təkzib edən fikirlərlə vaxt udmağa çalışırlar”.

demokrat.az

Xəbərlər