Siyasət 4 Oktyabr 2022, 16:22 | Baxış sayı: 330
"Ermənistan hərbi cinayət törədərək mülki insanları hədəf alırdı"

Vətən müharibəsində Azərbaycanın ikinci böyük şəhəri olan, sivil, cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhəri erməni terrorundan ciddi ziyan gördü. Humuanitar atəşkəs elan olunmasına baxmayaraq, təcavüzkar Ermənistan tərəfi atəşkəs rejimini kobud şəkildə pozmaqda, həm cəbhə xətti boyunca, həm də mülki əhalini və infrastrukturu raket atəşinə tutdu. Gəncəyə ilk hücum 4 oktyabrda baş verdi və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələni. Bu hücum erməni barbarlığının və vandalizminin təzahürü idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Ermənistanın bu əməli açıq terror və beynəlxalq cinayətdir. “Bu təkcə müharibə cinayəti deyil, eyni zamanda, insanlıq əleyhinə törədilən ən ağır cinayətdir. İnsan nə qədər vəhşi və nə qədər vicdansız olmalıdır, nə qədər insanlıq hissini itirməlidir ki, yatan uşağın üstünə raket atsın. Bu, dünyada misli görünməyən bir vəhşilikdir, barbarlıqdır. Bu vəhşiliyi anlamaq belə mümkün deyil”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, Vətən müharibəsi ərzində Gəncə, Bərdə, Tərtər və digər şəhər və qəsəbələrimiz erməni terrorçuları tərəfindən raket atəşlərinə məruz qaldı.

“Məhz ermənilərin bu terror əməlləri nəticəsində mülki insanlar arasında itkilərimiz oldu. Döyüş meydanında qüdrətli ordumuz qarşısında tab gətirə bilməyən düşmən mülki əhalini atəşə tutmaqla, Azərbaycanı dayandırmağa, insanlar arasında qorxu yaratmağa çalışırdı. Lakin hər kəsə məlumdur ki, ermənilərin bu çirkin əməlləri xalqımızı qorxutmadı, əksinə mübarizə ruhunu, qələbə əzmini daha da gücləndirdi.

Lakin Ermənistandan fərqli olaraq Azərbaycan ləyaqətli döyüş apardı, heç bir mülki obyekti hədəfə almadı, düşmənə yalnız döyüş meydanında cavab verdi”, - deyə deputat bildirib.

O əlavə edib ki, bu mahribə zamanı mülki insanlar arasında itkilərin olmasının da məsuliyyəti tam olaraq Ermənistanın üzərinə düşür. “Məhz Ermənistanın hərbi cinayətləri nəticəsində mülki insanlar arasında itkilər oldu. Ermənistan hərbi birləşmələri müharibə qanunlarını pozaraq və hərbi cinayət törədərək Azərbaycanın müharibə zonasından uzaqda yerləşən, heç bir hərbi əhəmiyyəti olmayan şəhərlərimizi qadağan olunmuş raketlərlə atəşə tuturdular. Gec-tez Ermənistan bu hərbi cinayət əməllərinə görə cavab verməli olacaq”, - deyə deputat əlavə edib.

Xəbərlər