Siyasət 12 İyul 2023, 16:00 | Baxış sayı: 189
“Ermənistan bu nöqtəyə öz xoşu ilə gəlməyib”

“Azərbaycanın uğurlu, qətiyyətli diplomatiyası sayəsində bizim daha böyük nəticələrə nail olacağımız, Ermənistanın sülh istiqamətində əməli addımlar atacağı şübhəsizdir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Prezident İlham Əliyevin bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söylədiklərini şərh edərkən deyib.

O qeyd edib ki, sülh ikitərəfli məsələdir, Ermənistan da Azərbaycanın səmimi səylərinə adekvat cavab verməlidir:

“2022-ci ilin oktyabr ayında Praqada keçirilən görüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi. O, bu ilin may ayında isə konkret parametrləri açıqladı, həmçinin anklavrların, Şərqi Zəngəzurun adını çəkdi. Əlbəttə, bu, mühüm tarixi qələbədir. Çünki Ermənistan bu nöqtəyə öz xoşu ilə gəlməyib, Azərbaycanın ardıcıl, prinsipial siyasi xətti, təzyiqləri onu buna məcbur edib”.

E.Nəsirovun fikrincə, indi əsas məsələ rəsmi İrəvanın dediklərini əməldə təsdiqləməsidir:

“Paşinyan dediklərini konkret sənədlərlə də təsdiqləməlidir. Əlbəttə, bunu da edəcəyinə şübhə yoxdur. Rəsmi Bakı bunu da bacaracaq. Məlum olduğu kimi, biz 2020-ci ildə ərazi bütövlüyümüzü hərbi yolla təmin etdik. Daha sonra isə münasibətlərin tənzimlənməsi üçün diplomatiyanı işə saldıq. Bu, onu göstərir ki, Azərbaycan həm hərb, həm də diplomatiya sahəsində öz sözünü deməyə qadirdir. Bundan sonra pessimist düşüncələrə əsas yoxdur. 30 il işğal altında qalan torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edən Azərbaycan dövləti bundan sonra sərhədlərin müəyyənləşməsinə, kommunikasiyaların açılmasına və sülh müqaviləsi üçün əlverişli şəraitin yaranmasına da nail olacaq. Məqsəd bütün bunları siyasi yolla həll etməkdir. Amma Ermənistan ikinci Qarabağ müharibəsinin nəticələrindən dərs çıxarmayıbsa, biz başqa variantları da işə sala bilərik”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dünən, iyulun 11-də 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Ermənistanla münasibətlər barədə danışıb. O söyləyib ki, bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Prezident son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmasların sülh anlaşmasına daha da yaxınlaşmaq məqsədi güddüyün nəzərə çatdırıb.

report.az

Xəbərlər