Siyasət 19 Sentyabr 2023, 17:15 | Baxış sayı: 259
"Ermənistan Azərbaycana başqa seçim qoymadı"

“2020-ci ildən bu günə qədər olan dövrdə Azərbaycan keçmiş münaqişənin dinc yolla həll olunması üçün çox çalışdı. Dəfələrlə müxtəlif platformalarda görüşlər keçirildi, bəyanatlar verildi. 

Ötən dövrdə Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri dəqiq yerinə yetirdi. Ermənistan isə davamlı olaraq sülh təşəbbüslərinə mane oldu, Azərbaycana qarşı təxribatlar törətdi, mina xəritələrini təqdim etmək əvəzinə, ərazilərimizdə yeni minalar basdırdı”. 

Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Ordusunun Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlamasından danışarkən deyib.

Deputat bildirib ki, son günlər Ermənistanın təxribatları daha da artmışdı:

“Ard-arda mövqelərimiz atəşə tutulur, Ermənistan diversiya qrupları vasitəsilə Ermənistan - Azərbaycan sərhədində təxribatlar törətməyə, daha çox Azərbaycan vətəndaşının qətlə yetirilməsinə çalışırdı.

Ötən egcə Xocavənddə baş verən hadisə bir daha göstərdi ki, Ermənistan çirkin niyyətlərindən əl çəkmək istəmir. Öz havadarlarına güvənərək daha çox Azərbaycan vətəndaşını qətlə yetirməyə, bölgədə vəziyyəti daha da gərginləşdirməyə çalışır. Ermənistan Azərbaycan üçün başqa seçim qoymadı”.

C.Məmmədov deyib ki, Ermənistan öz havadarlarına güvənərək hər gün bölgədə vəziyyəti daha da gərginləşdirdi.

“Təəssüf ki, bir sıra Qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistana “dur!”  demək əvəzinə, daha çox Azərbaycana təzyiq etməyə çalışdılar. Bununla bölgədə vəziyyəti daha da gərginləşdirdilər, Ermənistanı yeni təxribat və cinayətlərə sövq etdilər. Bu gün bölgədə vəziyyətin gərginləşməsinə görə Ermənistan qədər onlar da məsuliyyət daşıyırlar. Azərbaycan çox səbir etdi. Bu səbrin bir hüdudu da olmalıdır. Azərbaycan qədər heç bir dövlət təxribatlara bu qədər səbir və dözüm nümayiş etdirməzdi. 

Hazırda Azərbaycan ölkəmizə qarşı davamlı təxribatlar törədən hərbi obyektləri məhv edir. Ermənistanın iddialarının əksinə olaraq heç bir mülki obyekt hədəfə alınmayıb. Ermənistandan fərqli olaraq biz bunu heç zaman etməmişik.

Sonda terror hadisələri zamanı həyatını itirən vətəndaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!

Allah Prezidentimizi, ordumuzu  və xalqımızı qorusun!”.

musavat.com

Xəbərlər