Siyasət 6 Mart 2023, 15:24 | Baxış sayı: 91
"Ermənilər içərisində də xalqının gələcəyini düşünən, müharibələrə nifrət edən insanların olması şübhəsizdir"

Erməni millətçilərinin tarixlər boyu xalqımızın başına gətirdikləri bəlalar, törəddikləri faciələr, soyqırımları hər birimizə yaxşı məlumdur və xalqımız bu ağrıları - acıları hələ uzun illər yaşayacaqdır. Ancaq bu bəlaların törədilməsində bütöv bir xalqı günahkar, qatil hesab etmək düzgün deyil. Ermənilər içərisində də xalqının, övladlarının gələcəyini, xoşbəxtliyini düşünən, millətçilikdən, düşmənçilikdən uzaq, haqqa - ədalətə önəm verən, müharibələrə, qarşıdurmalara nifrət edən insanların olması şübhəsizdir.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Tahir Rzayev bildirib.

 

"Ermənistanın hakim dairələrinin, keçmiş rəhbərlərinin əməlləri nə qədər nifrət doğursa da, nə qədər dəhşətli olsa da biz ermənilərlə qonşu dövlət olduğumuzu, ölkəmizdə erməni əsilli Azərbaycan vətəndaşı olan insanların yaşadıqlarını nəzərə almalıyıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Praqa sammitindən sonra Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsində əvvəllər olduğu kimi yenə də bu məsələyə aydınlıq gətirərək bildirmişdir ki, “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu bizim daxili işimizdir”. Azərbaycan dövləti sözsüz ki, ölkə ərazisində yaşayan hər bir vətəndaşının hüquqlarını qorumağa, təhlükəsizliyini təmin etməyə, ona normal həyat şəraiti yaratmağa borcludur və həm də buna qadirdir. Ölkəmizdə yaşayan bir çox az saylı xalqlar kimi ermənilərdə tarixən bu imtiyazlardan istifadə etmişlər və Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına əməl etməklə sərbəst yaşamaq haqqını özlərində saxlayırlar. Azərbaycan həmişə Qarabağda yaşayan ermənilərin ölkəmizin bərabər hüquqlu sakinləri olduqlarını, onlara qarşı heç bir ayrı seçkiliyin olmadığını, problemlərin aradan qaldırılmasına, arzu və istəklərinin həssaslıqla yerinə yetirdiyini bəyan etməklə bundan sonra da bu prinsiplərin həyata keçiriləcəyini dəfələrlə bildirmişdir. Qarabağda doğulub boya - başa çatan hər bir erməni bir icma üzvü kimi bu gün Azərbaycana münasibətdə öz fikrini söyləməkdə azaddır və sözsüz ki, müəyyən problemləri də onlarla müzakirə etmək, etimad mühiti yaratmaq çox faydalıdır. Cənab İlham Əliyev Münxen Təhlükəsizlik konfransı çərçivəsində bu əlaqələrə əhəmiyyət verərək qeyd etmişdir ki, “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq”. Əlbəttə ki, bu ən doğru yoldur. Çünki ən ağır, uzunmüddətli müharibələrin, qarşıdurmaların, münaqişələrin açarı, həll yolu danışıqlardır, masa arxasında oturub orta məxrəc tapmaq, sülhə gəlməkdir. Hərçənd ki, Ermənistan rəhbərləri bundan qaçır, imzaladıqları bəyanatların, sənədlərin tələblərini pozur, xarici havadarlarının yağlı dilinə, şirin vədlərinə allanıb sülh sazişini imzalamağı yubadırlar və saxta, yalan bəyanatlarla beynəlxalq aləmi çaşdırmaqla davam edirlər, ancaq bunun sonu yoxdur. Ermənistan sülh müqaviləsini imzalamağa məcburdur. Qarabağ erməniləri də bunu bilməli və onlar kölə vəziyyətindən çıxış yolu tapmalıdırlar. Sadə erməniləri zülm və işgəncələr altında saxlayan separatçılardan, silahlı qruplaşmalardan xilas olmalıdılar, özlərinin gələcək taleyi haqqında ciddi düşünməlidilər. Bu yol Azərbaycan qanunlarına riayət etmək, silahı yerə qoymaq, təmaslara önəm verməkdən keçir. Milli Məclisin deputatı Ramin Məmmədovun Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində Qarabağın erməni sakinləri ilə görüşü göstərir ki, artıq ermənilər reallıqları anlamaqdadılar. Bu görüş çox əhəmiyyətlidir və davam etdirilməsi, mütəmadi xarakter olması vacibdir. Bu təmaslar yaradılmadan, etimad mühiti bərpa edilmədən, həqiqətlər, reallıqlar geniş izah edilmədən, qarşılıqlı inam aşılanmadan ciddi problemləri aradan qaldırmaq mümkün deyildir. Əlbəttə ki, münasibətləri daha da gərginləşdirən, problemləri qabardan, təxribatçılıq əməllərindən əl çəkməyən, təcavüzkarlıq yolunu davam etdirən Ermənistan rəhbərləridir, onların Qarabağdakı əlaltılarıdır. Sülhə, danışıqlara imkan yarandığı hər anda onlar yeni təxribatlara əl atır, yeni qətllər törədir, danışıqlardan yayınırlar. Ermənistanın baş naziri Nikol Paşinyanın biz sülh danışıqlarına hazırıq mesajını verdiyi bir vaxtda - martın 5 - də səhər saatlarında qeyri - qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Laçın yoluna alternativ Xankəndi - Turşsu - Xələfli yolundan Qarabağ bölgəsinə silah, sursat və canlı qüvvə daşıyan erməni zabitləri tərəfindən iki hərbi qulluqçumuz şəhid olmuşdur. Erməni zabitlər də məhv edilmişlər. Bu fakt bir daha onu göstərir ki, Ermənistan “sülh, sülh” desə də, ancaq yenə də silahlanmaq, torpaqlarımızı işğal etmək niyyətindədilər. Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən gizli yolla silah, sursat daşınması, ərazilərimizə minaların basdırılması, Qarabağa xarici terrorçuların, təlimatçıların gətirilməsi bunu deməyə əsas verir. Qarabağ ərazisində separatçıların silahlı birləşmələrinin, kazarmalarının, müdafiə nöqtələrinin və sistemlərinin, silah - sursat anbarlarının, dayaq məntəqələrinin mövcud olması və onların silahlanmaya can atmaları yeni müharibəni reallaşdırır və bunun qarşısı qətiyyətlə alınmalıdır. İlk növbədə Ermənistanla sərhəddə nəzarət - buraxılış məntəqəsi yaradılmalı Laçın yolu tam nəzarətə götürülməlidir. Silahlı birləşmələrin Qarabağı tərk etmələri üçün vaxt verilməli və həmin müddət ərzində separatçılar əraziləri tərk etməsələr anti - terror əməliyyatı həyata keçirilməli və silahlılar zərərsizləşdirilməlidir. Qarabağın erməni icması ilə də danışıqlar davam etdirilməli, onlara düşdükləri vəziyyət və çıxış yolları izah olunmalıdır. Belə həssas məqamda bütün siyasi gedişlər düzgün hesablanmalıdır. Bizə güc də lazımdır, danışıqlar da... Hər birinin öz yeri var", - deputat qeyd edib. 

Xəbərlər