Siyasət 6 Mart 2023, 12:58 | Baxış sayı: 129
"Erməni separatçıları bildilər ki, Azərbaycanla zarafat etmək olmaz"

"Azərbaycan öz ərazisində hərbi təxribatın qarşısını aldı və Rusiya sülhməramlıları bu işə qarışmadı, qarışa da bilməzdilər. Çünki söhbət bizim ərazilərimizdən və bizə qarşı hərbi təxribatdan gedir". 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 

Deputat qeyd edib ki, ermənilərin əsas məqsədi daha böyük təxribatlar törətmək olub:

"Üç erməni zabitinin bu işdə iştirak etməsi göstərir ki, onlar müvəqqəti nəzarət altında olan ərazilərdə hərbi gücünü gücləndirməklə, Azərbaycana qarşı daha böyük təxribatlar etmək istəyirdilər və onun da qarşısı vaxtında alındı. Ən əsası erməni separatçıları bildilər ki, Azərbaycanla zarafat etmək olmaz. Azərbaycan suverenliyinə ancaq hörmət etmək lazımdır!".

Deputat rus sülhməramlıların yaralı erməni separatçılarına yardım etməsi məsələsinə də toxunub:

"Rusiya sülhməramlıları  müvəqqəti olaraq həmin ərazilərdədir. Biz həmin əraziyə hələ ki daxil ola bilmirik. O baxımdan sülhməramlılar onların yaralılarına kömək ediblər, həmçinin meyidləri də artıq o zonaya təhvil verəcəklər". 
 

Xəbərlər