“Erməni hərbçiləri mülki geyimdə Qarabağı tərk edirlər”
“Son zamanlar çoxdandır ki, proqnozlaşdırılan bir tendensiya müşahidə olunamqdadır. Qarabağda yaşayan ermənilərin bölgəni tərk etməsi faktları bəlli olur. Yeri gəlmişkən, sıravi ermənilərin köçü dinamik xarakter kəsb etməyə başlayıb”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O, sıravi ermənilərin son vaxtlar Qarabağ ərazisindən çıxıb getmələrinə münasibət bildirib.
Millət vəkili hesab edir ki, ərazini ərk edənlərin bir qismi keçmiş hərbçilərdir:
“Onlar hərbi formalarını dəyişib mülki geyimə keçərək çıxıb gedirlər. Çünki onlar Azərbaycanla mübarizə aparmağın perspektivsizliyini görərək başlarına çarə axtarmağa başlayırlar ki, hərb yolu ilə onlar ailələrini qoruyub saxlaya, onlar üçün çörəkpulu qazana bilməyəcəklər.
Azərbaycan Prezidenti cənab İlham Qarabağda yaşayan sıravi ermənilərə müraciətində qeyd etmişdi ki, “siz Azərbaycan vətəndaşısınız, Azərbaycana reinteqrasiya etməlisiniz, Azərbaycan çoxmillətli dövlətdir və bu dövlətin tərkibində yaşayan digər xalqların malik olduğu eyni hüquq və vəzifələri daşıyacaqsınız”. Əgər kimlər bunu istəmirsə, ərazilərimizdən çıxıb gedə bilərlər, öz işləridir”.
Deputatın fikrincə, indiki reallıqda Qarabağda yaşayan ermənilərin bir qismi artıq seçim etməyə başlayıb:
“Azərbaycana reinteqrasiya etmək istəməyənlərin çoxu revanşist ruhlu ermənilərdir və onlarda ruh düşkünlüyü var. Çünki görürlər ki, hərbi yolu seçmək intihara bərabər bir qərardır. Ermənistanın BMT Təhlükəsizlik Şurasında fiaskoya uğraması, İrəvanın yanında yer almaması və Azərbaycanın haqlı mövqeyindən baxış ortaya qoyması Ermənistan üçün diplomatiya cəbhəsində perspektivsizlik panoraması açıb. Belə olan halda da onların seçimi sürətlənib”.
Müsahibimiz düşünür ki, Azərbaycana reinteqrasiya etmək istəməyən revanşist ruhlu ermənilərin Qarabağı tərk etmək prosesi sürətlənəcək:
“Lakin kimlər ki, yerindən dəbərmək istəmir, Qarabağda qalacaq, bu, o anlama gələcək ki, onlar Azərbaycan vətəndaşı olmaq yolunu seçəcəklər. Bu, Azərbaycanın daxili işidir və heç bir dövlət buna müdaxilə edə bilməz. Mənə elə gəlir ki, Qarabağda o erməni qalacaq ki, onlar reinteqrasiya xəttinin lehinə mövqe bildirəcəklər. Onlar bunu uşaqlarının gələcəyi naminə edəcəklər. Bu prosesin hazırkı gedişatı Azərbaycanın maraqlarına uyğundur”.
yenisabah.az