"Erkin Qədirli xalqdan üzr istəməli və mandatından imtina etməlidir"
Milli Məclisin İntizam kommisiyasında deputat Erkin Qədirlinin işinə baxıla bilər.
Bunu Modern.az-a açıqlamasında Parlamentin İntizam kommisiyasının sədr müavini Fəzail Ağamalı bildirib.
O, həmkarı Erkin Qədirlinin parlamentin legitimliyini şübhə altına alan fikirlərinə görə qınayıb və bu məsələnin araşdırılacağını deyib:
“Erkin Qədirlinin çıxışını izlədim. Doğrudan da, o, demokratik yolla seçilməyibsə, niyə 3 ildir Milli Məclisin mandatını daşıyır, komitə və parlament iclaslarında iştirak edir, eyni zamanda beynəlxalq aləmdə Azərbaycan müxalifətinin təmsilçisi kimi özünü təqdim edir? 3 ildir ən yüksək maaşı alır. Milli Məclisin deputatı və bir partiyanın üzvü məsələyə səmimi yanaşmalıdır. Ancaq Erkinin yanaşması səmimi deyil. Bu sadəcə olaraq, ikibaşlı oynamaqdır. Bu, həm də azərbaycanlıya yaraşan hərəkət deyil”.
Sədr müavini qeyd edib ki, Erkin Qədirli xalqdan üzr istəməli və mandatından imtina etməlidir:
“Həqiqətən də, o, demokratik yolla deputat seçilməyibsə, bu fakt ona bəllidirsə, onda faktın üstünü açsın. Azərbaycan xalqından üzr istəsin. Mandatını yerə qoysun və indiyə qədər aldığı maaşları da geri qaytarsın”.
İntizam kommisiyanın Erkin Qədirli olayına görə, nə vaxt toplaşacağına gəlincə, sədr müavini bildirib: “Bizim əsasnaməyə görə, nizamnaməni pozan istənilən deputatla bağlı Milli Məclisin rəhbərliyi tərəfindən araşdırma aparılır. Bundan sonra araşdırma İntizam Kommissiyasına təqdim olunur. İntizam kommisiyası həmin araşdırma əsasında deputatın fəaliyyətinə qiymət verir. İntizam Kommisiyasına hələlik araşdırma təqdim olunmayıb. Gələcəkdə olarsa, bu məsələyə baxacayıq”.