Cəmiyyət 26 Yanvar 2023, 13:55 | Baxış sayı: 98
“Erkin müəllim, şlyapanızı çıxarıb, təkzibedilməz faktlar qarşısında reverans etməyinizin əsl vaxtıdır”

“REAL Partiyasının Milli Məclisdə təmsilçisi Erkin Qədirlinin “psevdojurnalist” birisinin təxribatçı sualına uyaraq ölkəmizdə demokratik parlament seçkilərinin olmaması, özünün də demokratik yolla seçilməməsi haqqında səsləndirdiyi fikirlər həm təəcüb, həm də təəssüf hissi doğurur. Görünür, həmkarımız Erkin Qədirli ya müxalifətçiliyi milli nihilizm hesab edir, ya da onun təsəvvüründə bu iki ifadə artıq çoxdan sinonimləşib. İlk ağla gələn versiya ondan ibarətdir ki, Erkin bəy ilk növbədə özünün qeyri-demokratik yolla seçildiyini bəyan edirsə, bəs onda niyə mandatından imtina etməyib? Yoxsa daxilindəki gizli vəzifə hərisliyi qarşısında əlində bayraq etdiyi ədalət hissi qürubamı çəkilib? Bəlkə, müxalifətçilik “ağa qara demək” formulundan başlayır kimi ucuz təbliğata uyaraq bu “etiraf”ı edibdir? Olmaya xaricdəki “dostlar”ımızdan “REAL özünü yaxşı aparmır” iradları daxil olub və onun qarşılığında həmkarımız adekvat davaranış ortaya qoyub? Suallar çoxdur. Həqiqət isə birdir və ondan ibarətdir ki, ulu öndər Heydər Əliyev banisi olduğu müasir Azərbaycan dövlətçiliyi üçün demokratik inkişaf yolunu müəyyən edib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Elman Nəsirov bildirib.

 

E.Nəsirov qeyd edib ki, demokratiya bir prosesdir: “Onda son nöqtə yoxdur. Azərbaycan müzəffər Prezidentimiz cənab İlham Əliyevin rəhbərlyi altında məhz Heydər Əliyev yolu ilə gedir və möhtəşəm uğuralara imza atır. Yeri gəlmişkən, Erkin Qədirlinin özünün də deputat seçildiyi 2020-ci ilin 9 fevral tarixli parlament seçkilərinin nəticələri bir daha sübüt etdi ki, ölkəmizin tarixi inkişaf yolu məhz demokratiya ilə bağlıdır.  Təsadüfi deyildir ki, möhtərəm Prezidentimiz İlham Əliyev 2020-ci il martın 10-da VI cağırış Milli Məclisin ilk iclasında çıxışında birmənalı olaraq bildirdi ki, “Hesab edirəm ki, bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir.”  Seçkilərin nəticələri ilə bağlı  beynəlxalq müşahidəçilərin mövqeyinə toxunan dövlətimizin başçısı vurğuladı ki, “Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir”. Həqiqətən də Milli Məclisə keçirilinən son seçkilərdə 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçmişdi. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirdilər. Beynəlxalq müşahidə missiyalarının mütləq əksəriyyəti ölkəmizdə parlament seçkilərinin azad və demokratik keçirildiyini, beynəlxalq standartlara uyğun olduğunu qeyd ediblər. Faktlar yaman tərs şeydir, Erkin müəllim. Şlyapanızı çıxarıb, təkzibedilməz faktlar qarşısında reverans etməyinizin əsl vaxtıdır. Siz isə özünüinkarla məşğulsunuz”.

Xəbərlər