Ümumi 17 Mart 2021, 17:21 | Baxış sayı: 488
Elşən Musayev: Biz ümummilli məsələlərdə daim vahid mövqedən çıxış etməliyik

"2020-ci ilin əvvəllərindən etibarən ölkəmizdə siyasi islahatların yeni mərhələsi başlanıb. Hazırda bu islahatlar çox ciddi nəticələr verməkdədir”. Bu fikirləri açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, millət vəkili Elşən Musayev deyib.
E.Musayev bildirib ki, bu gün ölkədə sağlam rəqabətə əsaslanan siyasi dialoq formalaşıb, siyasi partiyalarla fərdi, eləcə də birgə görüşlər təşkil edilir.
ADMP sədri E.Musayev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi islahatlar nəticəsində ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin qurulmasından danışaraq, bu münasibətlərdə dövlətçilik maraqlarının üstün tutulduğunu, yeni siyasi mədəniyyət formalaşdığını, təkcə iqtidarla müxalifət arasında deyil, müxalifət partiyaları arasında da qarşılıqlı anlaşma və sivil rəqabət mühitinin, sağlam əməkdaşlığın meydana gəldiyini qeyd edib.
O söyləyib ki, Azərbaycanın siyasi mühitində iqtidar-müxalifət dialoqunun aparılması, partiyalararası ikitərəfli və çoxtərəfli müzakirələrin baş tutması sağlam münasibətlərə əsaslanır: “Amma siyasi dialoqdan boyun qaçıran bəzi siyasi partiyalar xaricdən sifariş alırlar. Onların siyasi mübarizə adı altında əslində, hansı dairələrin çirkin maraqlarına xidmət etməsi özünü daha aydın şəkildə büruzə verir. Təsadüfi deyil ki, onlar Vətən müharibəsi zamanı ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanatına qoşulmadılar. Buna baxmayaraq, 50 siyasi partiya ümummilli məsələdə vahid mövqedən çıxış etdi. Vətən müharibəsi dövründə ölkədəki 50 siyasi partiya Ali Baş Komandanın həyata keçirdiyi siyasəti dəstəkləyən və milli birliyə səsləyən birgə bəyanatlar verdi, eləcə də beynəlxalq qurumlara birgə müraciətlər ünvanladı. Biz ümummilli məsələlərdə daim vahid mövqedən çıxış etməliyik. Çünki bu dövlətimizin gücünü artıran amillərdən biridir”.

Xəbərlər