Ümumi, Cəmiyyət, Siyasət 3 Avqust 2021, 12:29 | Baxış sayı: 411
Eldəniz Səlimovun deputat toxunulmazlığı ləğv edildi. Onun haqda məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Hal-hazırda Milli Məclisin növbədənkənar iclası keçirilir. Deputatlar Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğv olunması məsələsini müzakirəyə çıxarıblar. Millət vəkilləri iclasda bu fikirləri səsləndiriblər: 

Milli Məclisin iclasında deputat Tahir Kərimli ilə spiker Sahibə Qafarova arasında mübahisə yaranıb. 

T.Kərimli deyib ki, deputatın yiyəsi yoxdur, lakin polisin yiyəsi var.

O təklif edib ki, polislə Eldəniz Səlimovu barışdırmaq olardı.

Milli Məclisin sədri Sahibə Qafarova isə Tahir Kərimliyə sərt cavab verib: “Necə yəni deputatın yiyəsi yoxdur? Milli Məclisi xalq seçir. Şəxsən mən bir səs yazısını sizə dinlətdirəcəyəm, ondan sonra görək, eyni fikirləri səsləndirəcəksiniz?”, - deyə S.Qafarova əlavə edib.

 İntizam komissiyasının sədri Eldar İbrahimov bildirib: “Bu hadisə hər birimizə dərs oldu”.

E. İbrahimov deyib ki, hər kəs qanun qarşısında bərabərdir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev qeyd edib ki, Baş prokurorun təqdimatı kifayət qədər əsaslıdır: “Baş prokurorun bir məsələyə də aydınlıq gətirməsini istəyirəm. Eldəniz Səlimov bildirib ki, bu hadisəyə qədər şantaj və təzyiqlə üzləşib. Eldəniz Səlimov bu hadisəyə qədər üzləşdiyi halla bağlı hüquq-mühafizə orqanlarına müraciət edibmi? Mən təqdimata səs verəcəyimi də bildirirəm”.

Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, 6-cı çağırış ən şərəfli parlament olmalıdır: Belə hallarla parlamentin adına kölgə salınmasına imkan verməməliyik. Bir daha həmkarlarımı İntizam komissiyasının rəyini dəstəkləməyə çağırıram”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev : “Təəssüf ki, bu gün millət vəkilinin polis zabitinə qarşı dələduzluğunu müzakirə edirik. Təəssüf ki, Prezident İlham Əliyevin tövsiyələrinə baxmayaraq, Eldəniz Səlimov belə bağışlanmaz hərəkətə yol verib. Necə yəni polis mənim qohumumun restoranına gəlib söz deyə bilməz?! YAP İdarə Heyətinin üzvü kimi də bu, məni təəssüfləndirir. Partiya da gələcəkdə seçimlərində daha diqqətli olmalıdır. Mən Baş prokurorun təqdimatını tamamilə dəstəkləyirəm. Eyni zamanda Baş prokuror və hüquq-mühafizə orqanlarından hadisəni tam və obyektiv araşdırmasını da xahiş edirəm”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, Azərbaycan polisinin alçaldılaraq döyülməsinə Konstitusiya çərçivəsində layiqli cavab verilməlidir: “Polisə və zabitə qalxan əl dövlətə qalxan əl kimi qiymətləndirilməlidir. Qanunları yazan və milləti hüquqa dəvət edən bizik. İndiki halda qanunu qoruyan polisdir, həmin millət vəkili deyil. Parlament üzvü millətin simasını təmsil edir, ona qarşı çıxanda isə bu simanı itirir”. 

“Biz Azərbaycan zabitinin alçaldılaraq döyülməsinə Konstitusiya çərçivəsində düzgün qiymət verməsək, qəbul etdiyimiz qanunların işləkliyinə heç kimi dəvət edə bilməyəcəyik. Hüquqi nihilizmi genişləndirən və kimin gücü varsa, digərinin fiziki cəzalandırmasına yaşıl işıq yandıran hərəkətlərə səbəb olacağıq”.

Sabir Rüstəmxanlı: 

“İstər millət vəkili olsun, istər hər hansı vəzifə sahibi, heç kim vətəndaşa qarşı belə kobudluq etməməlidir. Polis əməkdaşına qarşısa heç olmaz. Çünki onlar dövlətin hüquqlarını  qoruyan, çətin şəraitdə fəaliyyət göstərən şəxslərdir”. 

Fazil Mustafa

“Kifayət qədər əsas olmasaydı, Baş Prokrorluq bu addımı atmazdı. Məsələ kifayət qədər araşdırılaraq belə hüquqi nəticəyə gəlinibsə, deməli, hadisənin törədilməsi təsdiqini tapıb”

Əli Hüseynli əlavə edib:

“Deputat həmkarlarım arasında deputatın vəzifəli şəxs olması ilə bağlı mübahisəli fikirlər səsləndirildi”.

Ə. Hüseynli deyib ki, deputat vəzifəli şəxsdir və bir çox qanunun subyektidir: “Ona görə də Baş Prokurorluğun vəzifə həddini aşma ilə bağlı cinayət işi açması mübahisə yaratmamalıdır”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında bəzi deputatlar deputatın vəzifəli şəxs sayılmadığını bildirib, bu halda deputat Eldəniz Səlimov barəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmasını mübahisəli hesab ediblər.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb.

İclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

APA-nın məlumatına görə, deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov saxlanılıb.O, bu gün Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılacaq. Eldəniz Səlimov haqda məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbərlər