"Dünən yazdığım statusda reallığın bir qədər tünd və ya acı tonda təqdim olunduğunu bilirəm".
Obyektiv gerçəklik, acı söz və ədalət
Gerçəkliyi görməklə onu təsvir etməyin arasında fərq qaçılmazdır. Hər kəs gerçəkliyi özünün nisbi qavrayış dərəcəsinə uyğun olaraq görür və dərk edir. Amma dərk edilənin hansı dərəcədə tünd və ya açıq, acı və şirin təqdim olunması adamın öz əlindədir. Reallığın olduğundan daha tünd və ya daha açıq verilməsi təqdimatçının ədalət hissindən asılıdr.
Dünən yazdığım statusda reallığın bir qədər tünd və ya acı tonda təqdim olunduğunu bilirəm və onun doğurduğu reaksiyanın da adekvat olduğunu görürəm. Amma indi bu tündlükdən və acılıqdan təsirlənən adamların uzun müddət mənim və mənim kimi digər hədəflərin ünvanına yazdıqları ədalətsiz təsvir və təqdimatların da bizləri necə təsirləndirdiyini nəhayət ki, anladıqlarını güman edirəm. İllər ərzində obyektiv səbəb olmadan, uydurma iddialarla təhdid olunanda mən də eyni hissləri yaşamışam, amma qərəzli tənqidə və təhdidə də dözümlü yanaşmağa üstünlük verərək susmuşam. Belə davranışımın digər tərəfdə anlayışla qarşılanıb bir gün rənglərin açılacağına, söz və ifadələrin acılığının yumşalacağına ümid etmişəm. Amma “susmaq qızıldır” məntiqinin bizim toplumda düzgün işləmədiyini görmüşəm.
Əgər özünə qarşı deyilən və yazılan ədalətsizliyi qəbul edə bilmirsənsə, sən də başqalarına qarşı ədalətsizlik etməməlisən. Təəssüf ki, bəziləri istədiyi qədər ədalətsiz və qərəzli olmaqda israr və davam edir, amma özünə qarşı deyilən tünd bir sözü belə qəbul etmək istəmir. Qərəzli yazarların anlamağını istədiyim də bundan ibarətdir.
Elə hesab etməyin ki, öz yazdığım statusdan özümün xoşum gəlir. Əsla yox, o da sizin üslubunuzda və sizin dilinizdə yazılıb. Bu mənim üslubum deyil. Siz ömür boyu bu üslubda məni atəşə tutmusunuz. Mən isə cəmi bir dəfə özümü sizin, sizləri isə mənim yerimə qoydum. Nəticə məlumdur. Siz özünüzə hörmət və ehtiram tələb edirsiniz və bu tələbinizdə haqlısız. Ona görə də haqlı olduğunuzu tələb edə bildiyiniz kimi digərlərinin də haqlı olduğuna sayğı göstərməyi bacarmalısız. Söz azadlığını hədəfə aldığınız adamlara qarşı sui-istifadə etmək ədalət deyil və sizi haqlı etmir. Mənim də istədiyim sizin özünüz üçün istədiyiniz kimi, mənə qarşı haqsızlıq və ədalətsizlik etməməyinizdir. Mən də onu sizlərin istədiyi qədər istəyirəm. Ona görə öz haqqınızı düşünəndə özgələrinin də haqqına dəyər verməyinizi xahiş edirəm. Mən dünənki statusu yazmaqla sizlərin də öz hədəflərinizə yaşatdığınız acı hisslərlə tanış olmağınızı istədim. Amma əmin ola bilərsiz ki, yazdığım statusdan özümün də xoşum gəlmir. Çünki o da sizin üslubunuzdadır.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı