Siyasət 13 Oktyabr 2022, 16:40 | Baxış sayı: 151
"Dövlətlərarası münasibətlərdə lazımsız gərginliyin yaranmaması üçün səsvermədə iştirak etmədik"

“BMT-nin Baş Assambleyasının iclasında Rusiya əleyhinə qətnamənin qəbul olunmasında Azərbaycanın iştirak etməməsi tam doğru, milli və dövlət maraqlarımıza uyğun hərəkətdir. Azərbaycan stabil olaraq bütün dövrlərdə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. 2014-cü ildə anneksiya olunmuş Krımı, Donbası, Donetsk, Luqansk vilayətlərini, eyni zamanda, bu yaxınlarda referendum yolu ilə Rusiyaya birləşdirilmiş 4 vilayəti Ukraynanın suveren ərazisi kimi tanıyırıq. Bunda dəyişiklik yoxdur. Sadəcə, biz dövlət olaraq milli maraqlarımızdan çıxış edib, dövlətlərarası münasibətlərdə hər hansı lazımsız gərginliyin yaranmaması üçün səsvermədə iştirak etmədik. Azərbaycanı buna görə tənqid edənlər Azərbaycanın mənafeyinə uyğun hərəkət etmirlər. Onların bir çoxu öz siyasi məqsədlərini güdürlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat hesab edir ki, tək Azərbaycan deyil, bütün dövlətlər xarici siyasət doktrinasında hər şeydən əvvəl milli maraqlarını güdürlər: “Bu, normaldır, təbiidir və anlaşılandır. Azərbaycan Rusiya Federasiyası ilə qonşudur, strateji müttəfiqdir. Rusiya bizim böyük qonşumuzdur. Orada çoxsaylı soydaşlarımız yaşayır, ikitərəfli əlaqələrimiz yüksək səviyyədədir. Rusiya sıradan bir dövlət deyil ki, istənilən vaxt qonşu dövlət kimi onun əleyhinə hansısa layihələrdə iştirak edək. Hesab edirəm, bunu Ukrayna tərəfi də başa düşür. Biz doğru hərəkət etdik. Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, digər qonşumuza qarşı hansısa layihələrdə iştirak etmədik. Bunu həm Rusiya, həm də Ukrayna tərəfi, ümumiyyətlə beynəlxalq təşkilatlar normal qarşılayırlar, qarşılamalıdırlar. Baxmayaraq ki, 44 günlük müharibədə ərazi bütövlüyümüzü təmin etmişik, amma Ermənistanla sülh müqaviləsi hələ imzalanmayıb. Ermənistanın daxilində Rusiya hərbi bazaları var. Rusiyanın Ermənistana iqtisadi, siyasi baxımdan təsir imkanları həddən artıq böyükdür. Eyni zamanda, Azərbaycanın Qarabağ ərazisində də Rusiya sülhməramlıları xidmətlərini edirlər. Bu baxımdan, hesab edirəm, Azərbaycan dövlətinin balanslı siyasəti özünü doğruldur. Hər hansı əlavə gərginliyə, anlaşılmazlığa yol vermir, müəyyən problemlərdən yayınırıq. Ona görə Ukraynaya dəstək verib Rusiyanın əleyhinə hansısa layihədə iştirak etməklə özümüzə qarşı əlavə böyük bir qüvvəni yönəltmiş olarıq. Bu, indiki halda arzuolunan deyil”.

Xəbərlər