“Dövlətin nəzarəti altında fəaliyyət göstərəcək taksi şirkətinin yaradılması çıxış yollarından biridir”
“Ölkəmizdə taksi şirkətlərinin sayı artmaqdadır. Düşünürəm, bu, sadəcə kəmiyyət göstəricisidir. Keyfiyyət baxımından son zamanlar sərnişinlərin taksilərdən çox ciddi narazılığı olduğunu müşahidə edirik. Hətta zaman-zaman taksi sürücülərinin sərnişinlərə qeyri-etik davranışlar sərgilədiklərini də görürük. Bu da vətəndaşların, onların yaxınlarının ciddi narazılığına gətirib çıxarır. Taksi xidməti ilə məşğul olan “Uber”, “Bolt” və digər şirkətlər aralarında rəqabəti daha da gücləndirmək üçün heç bir yoxlama aparmadan, avtomobillərin texniki göstəricilərini, xüsusən həmin avtomobilləri idarə edən şəxsləri yoxlamadan fəaliyyət göstərirlər”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bu sahədə ciddi islahatlara ehtiyac olduğunu bildirib: “Vətəndaşlarımızın təhlükəsizliyi ən öndə dayanan məsələdir. Sərnişinlərə normal münasibətin göstərilməsi çox vacibdir. Zaman-zaman KİV-də, sosial şəbəkələrdə paylaşılan məlumatlarda da görürük ki, bəzi hallarda xüsusən xanımlara qarşı çox qeyri-etik davranışlar sərgilənir. Bu cür sürücülərin qeyri-peşəkarlıqları səbəbindən ölkədə nəqliyyat hadisələrinin, qəzaların sayında da ciddi artım müşahidə olunur. Bu da vətəndaşlarımızın təhlükəsizliyinin təmin olumasında problem yaradır”.
C.Osmanov təklif edib ki, hazırda fəaliyyət göstərən taksi şirkətləri qarşısında konkret vəzifələr müəyyənləşdirilməlidir: “Avtomobillərin texniki göstəriciləri, sürücülərin peşəkarlığı, eyni zamanda, onların psixoloji durumları ciddi araşdırılmalı, bundan sonra fəaliyyətə başlamalıdırlar. Bununla bağlı müvafiq dövlət qurumları tərəfindən konkret qaydalar müəyyənləşdirilməli, bu qaydalara məsuliyyətlə riayət olunmalı, narazılıqların qarşısı alınmalıdır. Əks halda, yeni, tam dövlətin nəzarəti altında fəaliyyət göstərə biləcək xüsusi şirkətin yaradılması çıxış yollarından biridir”.