"Dövlət qulluqçusu indi ofisiant işləməlidir? İşsizlikdən sığorta bu kateqoriyadan olan insanlar üçün nəzərdə tutulmalıdır".
"Hesablama Palatasının rəyində qeyd edilir ki, Fondun büdcəsinin icrası vəziyyətinin dövlət büdcəsi kimi Milli Məclisə təqdim edilməməsi və Milli Məclis tərəfindən baxılaraq təsdiq olunmaması dövlətin maliyyə vəsaitlərinə, həmçinin dövlət maliyyəsinə tam parlament nəzarətinin təmin olunmasında risk olaraq qiymətləndirilməlidir. Əslində bu irad yerindədir, bu kimi rəsmi sənədlər mütləq Milli Məclisə təqdim olunmalıdır ki, ətraflı müzakirə mümkün olsun".
Redaktor.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisdə İşsizlikdən sığorta Fondunun 2022-ci ilin büdcəsinin müzakirəsində çıxışı zamanı bildirib.
O qeyd edib ki, qanun layihəsinin “2019-2030-cu illər Azərbaycan respublikasının Məşğulluq Strategiyası”na və “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün tədbirlər Planı”na uyğun şəkildə tərtib edildiyi vurğulanır.
"Məlum olduğu kimi həmin Strateji yol xəritəsində 2025-ci ilədək daha 450 min nəfərin məşğulluğunun təmin edilməsi nəzərdə tutulub.
Qeyd edim ki, bu işlə təmin etmək heç də belə söz yığını ilə gerçəkləşdirilmir. Şəxsimə müraciət edən bir Azərbaycan vətəndaşı xanım sosial müdafiə sistemində 12 il dövlət qulluqçu kimi çalışıb, sonra həmin sahə müqavilə əsaslı fəaliyyət növünə çevrilib və həmin dövlət qulluqçuları ilə müddətli müqavilə bağlanıb. Müqavilə müddəti bitən kimi, adamın işinə xitam verilib və yaşadığı Yasamaldan uzaq Bilgədə qocalar evində xidmət işi təklif olunub. İki məktəbli uşağının problemlərinə və həyat yoldaşının həbsdə olmasına görə bu işdən imtina etməli olub. İndi nə etsin? Başqa gəlir yeri yox. Müraciət edir Məşğulluq orqanına, onlar da gənc qadına şadlıq evində ofisiantlıq təklif edirlər. Dövlət qulluqçusu indi ofisiant işləməlidir? İşsizlikdən sığorta bu kateqoriyadan olan insanlar üçün nəzərdə tutulmalıdır.
Həmin Strategiyada isə yazılır ki, peşə hazırlığına xüsusi önəm verilir. Dövlət qulluqçusunu indi ofisiant peşəsinə hazırlamağı nəzərdə tuturlar? Tədbirlər planında da yazılır ki, işə düzəlməkdə çətinlik çəkən şəxsin əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişafı və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması istiqamətində həyata keçirilməli olan tədbirlər müəyyən olunmuşdur. Yenə də ümumi işlək ifadələrlə əsas məsələdən yayınmaq niyyəti güdülür".
Fazil Mustafa bildirib ki, 2021-ci ilin sonuna istifadə olunmamış vəsait 44 milyon manat olub. İndi o vəsait də növbəti ilin büdcəsinə əlavə edilir və olur 181 milyon manat.
"Bu nə deməkdir, işsiz kimi pul ödəməyə kimsə yoxdur ki, belə qalıq qalır? Halbuki büdcədən bəlli olur ki, bu il müddətində yalnız 8 milyon manat işsizlərə sığorta haqqı olaraq ödənib. Bu da ölkədəki işsizlərin haradasa 1 faizini əhatə edir. Maraqlıdır ki, büdcədən 76 milyon özünüməşğulluq tədbirlərinin təşkilinə və 44 milyon manat da DOST Agentliyinin, Əmək Bazarı təsisatlarının saxlanmasına sərf olunur. Astarı üzündən bahalı gəlir. Qurumlara, işçilərin əmək haqlarına ödənilən vəsait işsizə ödənilən vəsaitdən qat-qat çoxdur.
Hesablama Palatasının rəyində haqlı olaraq qeyd edilir ki, sənəddə nə sığortaolunanların sayı, nə də orta əmək haqqının artım tempinin sığorta ödəmələrinə təsirinə dair məlumatlar əks olunmursa, bu da sənədin mükəmməlliyini şübhə altına alır.
Hesablama Palatasının rəyində deyir ki, 116 min insan yaşa görə pensiyaçı olsa da işləməyə davam edir və bu fakta görə də işsiz saylmırlar. Adam Fonda sığorta haqqı ödəyir, ancaq əmək fəaliyyətini dayandırdıqda işsizliyə görə güzəşt və imtiyazdan istifadə etmir. Hesablama Palatasının rəyində bu kateqoriyadan olan pensiyaçıların da sığorta ödəməyə cəlb olunması vacib sayılır. Bunun effektinin olub-olmayacağı barədə də bilgi verilməliydi.
Bir də burada haqlı bir sual doğur ki, haqqı ödənən ictimai işlər hansı effekti verir? Dövlətin öz işsiz vətəndaşını bu cür az maaşlı müvəqqəti işlə təmin etməsi əvəzinə özəl sektorun canlandırılmasını təmin etməsi yetərlidir ki, işsizlik problemi öz həllini tapsın", - deyə millət vəkili bildirib.