Ümumi 15 Mart 2023, 14:39 | Baxış sayı: 90
“Dövlət İmtahan Mərkəzinin ləğvini, müsabiqədən kənar qəbulu dəstəkləyən insanların heç də hamısının niyyəti saf və təmiz deyil”

Dövlət İmtahan Mərkəzi ilə yaxından və ya uzaqdan heç bir əlaqəm yoxdur. Hətta rektor işlədiyim vaxtlarda aramızda bir məsələ ilə bağlı fikir ayrılığı da olub. Ancaq son zamanlar Dövlət İmtahan Mərkəzinin hədəfə alınmasını, ləğvi ilə bağlı fikirlərin səsləndirilməsini yanlış və bir sıra hallarda məqsədli hesab edirəm. Hər bir qurumun fəaliyyətindən, qəbul etdiyi qərarlardan kimlərsə narazı ola bilər. Ancaq bu o demək deyil qurum və ya sistem ləğv edilməlidir.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Ceyhun Məmmədov bildirib.

 

Deputat hesab edir ki, bu gün ölkədə fəaliyyətini ən peşəkar səviyyədə quran qurumlardan biri də Dövlət İmtahan Mərkəzidir: “Kimsə düşünürsə  ki, bu qurumun və sistemin ləğvi ilə təhsilimiz daha ağ günə çıxacaq, yanılır. Onsuz da bu gün uzun illərdir yaranmış ənənələrin mərhələli və məqsədli şəkildə pozulduğunu bir sıra hallarda müşahidə edirik. İmtahanların çətin olması fikrinə gəldikdə isə bunun hansısa məqamda və mərhələdə çətin olması fikri nəzərdən keçirilə bilər. Onsuz da ali məktəblərə qəbulu kifayət qədər asanlaşdırmışıq. Biz hamının ali təhsilə kütləvi gəlməsi barədə deyil, oxumağa həvəsi və potensialı olan insanların gəlməsi barədə düşünməliyik. Valideynlərə və bizim dəyərli övladlarımıza gəldikdə isə, bilməlisiniz ki, bu gün şəffaf şəkildə  imtahan prosesində iştirak etdiyiniz halda gələcəkdə fərqli vəziyyət və hallarla üz-üzə qala bilərik. Bu gün Dövlət İmtahan Mərkəzinin ləğvi, müsabiqədən kənar qəbulu dəstəkləyən insanların heç də hamısının niyyəti saf və təmiz deyil. Burada çirkin məqsəd və niyyətlər də var. Bəzilərinin buna biznes gözü ilə baxması da istisna deyil. Ona görə hissə qapılaraq total hücuma keçib kimlərinsə dərmanına su tökməyək. Dövlət İmtahan Mərkəzi də narazılıqları görməzlikdən gəlməməli və qulaqardına vurmamalıdır. Hansısa məsələdə obyektiv narazılıq varsa, bu, ciddi təhlil edilməli, nəticələr ictimaiyyətə açıqlanmlıdır. Gəlin təhsilimizi qoruyaq, onun təəssübünü çəkək”.

Xəbərlər