KOMİTƏ İCLASLARI, Qanun Layihələri 9 Sentyabr 2021, 12:41 | Baxış sayı: 325
"Dinləməyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rəhbər şəxsləri də dəvət olunacaq"

"Turizm haqqında" yeni qanun layihəsi hazırdır. Müvafiq qurumlarla razılaşmaya göndərilib. Şəhid ailələri, Qarabağ əlillərinə göstərilən sosial müdafiə tədbirləri və problemlərlə bağlı dinləmə keçirəcəyik. İlk iclasda deputatlar hansı məsələləri qaldırsalar, onları da iş planına daxil edəcəyik. Ola bilər ki, əlavə dinləmələr, qanun layihələri təqdim olunsun".

Bunu Modern.az-a açıqlamasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri bildirib ki, dinləməyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rəhbər şəxsləri də dəvət olunacaq:

"Yaz sessiyasında belə dinləmə keçirdik. Çox yaxşı effekti oldu. Payız sessiyasında da dinləmə keçirmək istəyirik ki, görək yaralılarımızın əlillik vəziyyəti necədir. Problemləri nədən ibarətdir. Nə qədər təminat olub. Bu, hazırda ən aktual məsələdir".

M.Quliyev qeyd edib ki, “Turizm haqqında” mövcud olan qanun layihəsi kiçikdir: "Yeni qanun layihəsi genişdir. Ola bilsin ki, bu ilin payız sessiyasında müzakirə edəcəyik".

"Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihəsi ilə bağlı deputat bildirib ki, adıçəkilən qanun layihəsi hələ hazırlanmayıb:

"İşçi Qrupunda baxılıb. Qanun layihəsinin hazırlanmasında müxtəlif ölkələrin, o cümlədən Heydər Əliyev Fondunun və "YAŞAT" Fondunun təcrübəsi öyrənilib. Bunlar əsasında bir qanun layihəsi hazırlanacaq. Payız sesssiyasında komitədə sözügedən layihənin hazırlanması üzrə iş davam etdiriləcək".

Qeyd edək ki, sabah (10 sentyabr) Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək. İclasın gündəliyinə 5 məsələ daxil edilib.

Bunlar 2021-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat, komitənin 2021-ci il üçün payız sessiyası dövrünə dair iş planı haqqında, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Xəbərlər