Cəmiyyət 29 İyun 2022, 14:30 | Baxış sayı: 281
"Dinin ictimai yerlərdə təbliğatı yolverilməzdir".

Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə şagirdlərə İranın ali dini lideri Xameneiyə həsr olunmuş mahnının ifa etdirilməsi müzakirələrə səbəb olub. Müəllimin bu addımı sosial şəbəkələrdə sərt tənqid edilib. Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlaxda orta məktəbdə müəllimin şagirdlərə dini mahnı oxutduğu görüntülərlə bağlı açıqlama yayıb.

Bildirilib ki, məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb.

“Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib” – məlumatda qeyd olunur.

Pravda.az bununla Milli Məclisin deputatlarından münasibət öyrənib:

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov bildirib ki, məktəblərdə din və dini liderlərin təbliğ olunması düzgün hal deyil:

“Qanunla din dövlətdən ayrıdır. Kimsə dinlə məşğul olmaq istəyirsə, bu. onun şəxsi işidir, amma ictimai yerlərdə təbliğatı yolverilməzdir. Ölkəmizdə hər bir insanın dini etiqad azadlığı təmin olunub. Yəni, bu, fərdi şəkildə insan hissləri ilə bağlı olmalıdır. Düşünülmüş şəkildə kiməsə təsir etmək, onu hansısa yola cəlb etmək qəbuledilməzdir. Eyni zamanda məktəblərdə başqa ölkələrin liderlərinə həsr olunmuş mahnılar yox, öz liderlərimizə həsr olunmuş mahnılar oxunmalıdır, çünki Azərbaycan bugünkü inkişafı və nailiyyətləri liderlərin rəhbərliyi altında qazanıb. Biz öz dövlətimizi və liderlərimizi sevməli və uşaqlarımız üçün də bu istiqamətdə təbliğat aparılmalıyıq.”

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı isə bildirib ki, belə bir hal qanunların əleyhinədir:

“Azərbaycan Respublikası müstəqil dövlətdir, müstəqil təhsil siyasəti var. Ölkədə din dövlətdən ayrıdır. Buna görə də məktəblərdə dini təbliğatın aparılması yolverilməzdir. Belə hal varsa, müvafiq orqanlar dərhal qanunlar çərçivəsində bununla bağlı ölçü götürməlidirlər”.

Tahir Rzayev isə deyib ki, bəzən məktəblər haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. "Məktəb bizim üçün müqəddəs məkandır. Ümumiləşdirib həm müəllimlər, həm şagirdlər haqqında mənfi fikirlər söyləmək, kiçik bir məsələnin böyüdülməsi düzgün hal deyil. Bu, həm bizim gələcəyimiz üçün, həm uşaqların psixologiyası, həm də müəllimlərin nüfuzu baxımından çox ziyanlı bir tendensiyadır". 

 

Xəbərlər