Siyasət 28 Fevral 2023, 11:51 | Baxış sayı: 104
“Dini fəaliyyət sahəsində islahatların daha da sürətlənməsinə ciddi ehtiyac var”

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bir müddətdir imam, imam müavini, dini ayinlərin icraçısı vəzifəsinə keçirdiyi müsahibələrdə iştirak edən namizədlərin böyük əksəriyyətinin uğur qazana bilməməsi dini fəaliyyət sahəsində görülməli işlərin hələ çox olduğunu göstərir. Onu da nəzərə almalıyıq ki, din həm də təhlükəsizlik məsələsidir. Bu gün İranın sosial şəbəkələr vasitəsilə Azərbaycana yönəlmiş dini təbliğatı sürətlə davam edir. Bu baxımdan, dini fəaliyyət sahəsində islahatların daha da sürətlənməsinə, dini təhlükəsizliyimizin daha da möhkəmləndirilməsinə ciddi ehtiyac var”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

 

Deputatın bildirib ki,  bu gün reallıq paralel dünyalarda yaşamağımızdır:

 

“Ayrı-ayrı dini qruplar Azərbaycanda dini duruma təsirlərini gücləndirmək, ətraflarına daha çox dindar kütləni toplamaq üçün ciddi səylə çalışır və yarışırlar. Hər gün bu məqsədlə sosial şəbəkələrdə, xüsusilə “TikTok”da və “Youtube”da yüzlərlə videolar yayılır. Əgər bu təbliğatın əsas məqsədi həqiqi dini dəyərlərin təbliğatı olsaydı, burada heç bir problem olmazdı. Ancaq söhbət ayrı-ayrı ölkələrin dövlət-din münasibətləri modelinin ölkəmizə ixrac olunmasından gedir. Bu da özü-özlüyündə çox ciddi siqnalıdır”.

 

C.Məmmədov qeyd edib ki, hazırda ölkəmizdə bu sahədə mövcud problemlərin həlli məqsədilə iki istiqamətdə iş aparılır:

 

“Biri inzibatidir ki, bu metod da hər zaman uğurlu olmur. İnzibati metodlarla yanaşı ciddi ideoloji işin aparılmasına ehtiyac var. Biz çalışdığımız kimi qarşı tərəf də çalışır. Qeyd etmək lazımdır ki, Sovet hökuməti nə qədər çalışsa da, insanların həyatından dini tam çıxara bilmədi. Bu gün ölkədə siyasi-ictimai durumun təhlili göstərir ki, insanların dinə münasibəti çox həssasdır. Bu həssaslıqdan kənar qüvvələrin istifadə etməməsi üçün çox çalışmalıyıq”.

Xəbərlər