Cəmiyyət 5 Mart 2024, 15:39 | Baxış sayı: 205
“Din xadimləri öz işlərində daha məsuliyyətli və diqqətli olurlar”

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Qaydalara əsasən din xadimlərinin hər beş ildən bir attestasiya edilməsi nəzərdə tutulub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) məlumatına əsasən bu məqsədlə yaradılan Attestasiya Komissiyasında DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər də təmsil olunurlar.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov açıqlamasında deyib ki, əvvəlki illərdə din xadimlərinin attestasiyası QMİ tərəfindən həyata keçirilirdi:

“Son illərdə “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliklərdən sonra din xadimlərinin təyin olunması DQİDK-ə həvalə edildi. Hazırda Komitə tərəfindən təyin olunan şəxslərin attestasiyasını qurum özü həyata keçirir. Amma əvvəlki illərdə QMİ tərəfindən təyin olunan şəxslərin attestasiyası birgə keçirilir. 

5 il ərzində din xadimlərinin gördüyü işlər, fəaliyyətini hansı formada qurması təhlil olunur və buna uyğun olaraq növbəti illərdə onların fəaliyyətinə icazə verilib-verilməməsi qərarlaşdırılır”.  

Deputat hesab edir ki, attestasiyanın keçirilməsi din xadimlərinin özfəaliyyətinə nəzarət baxımından da önəmlidir:

“Din xadimləri beləliklə öz işlərində daha məsuliyyətli və diqqətli olurlar. Bu gün ölkədə tez-tez din xadimlərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılır. Düşünürəm ki, bu sahədə nizam-intizamın yaradılması, keyfiyyətli xidmətin təmin olunması, din xadimləri haqqında düzgün təsəvvürün formalaşdırılması baxımından attestasiyaların keçirilməsi vacibdir. Bu bizim dövlət maraqlarımıza da cavab verir”.

Qeyd edək ki, prosesdə fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır.

demokrat.az

Xəbərlər