Cəmiyyət 18 Noyabr 2021, 16:30 | Baxış sayı: 257
"Deyirlər ki, deputat 6000 manat maaş alır. Əslində isə 1700 manat civarında maaş alırıq".

Bir neçə gün qabaq deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında deputatlara verilən kirayə pulu haqqında danışıb və bu pulların artırılmasını tıklif edib. Müzakirələrə səbəb olan çıxışı ilə bağlı Razi Nurullayev Qafqazinfoya açıqlama verib. O, bildirib ki, bu məsələ həmişə aktual olsa da, heç kim düzgün qarşılanmayacağını düşünərək onu dilə gətirməyib:

“Mən məsuliyyəti üzərimə ona görə götürüb dedim ki, cəmiyyətdə deputatlara qarşı oturuşmuş fikir var ki, onların heç nəyə ehtiyacı yoxdur. Deyirlər ki, deputat 6000 manat maaş alır. Əslində isə 1700 manat civarında maaş alırıq. Ezamiyyətlər filan olduqda, maaşda dəyişiklik olur. Həmin mövzu da elə-belə qaldırılmadı. Çünki parlamentin büdcəsi müzakirə olunurdu. Bilirsiniz ki, 220 manatla Bakıda kirayədə qalmaq mümkün deyil. Həmin deputatlara pul verilsin məqsədilə bunu demədim. Cəmiyyət bilsin ki, Bakıda evi olmayan deputat da var. Bu, o demək deyil ki, vəzifəli şəxslərin hamısı yağ-bal içində yaşayır. Bəziləri yazıb özünü vətənpərvər göstərmək istəyir. Ancaq onların özünün bu günə kimi cəmiyyətə bir qəpiklik xeyirləri olmayıb. Ancaq danışmağı və tələb etməyi bilirlər. Qoy tələbi haqqı çatan xalq etsin”. 

R. Nurullayev qeyd edib ki, deputatın özünün müəyyən büdcəsi olsa, seçicilərinin məsələlərini daha tez həll edə bilər: "Mən özüm indi İmişliyə gedirəm. Özümlə köməkçimi də aparıram. İki gün orada qalacam. Bilirsiniz ki, insanların deputatdan gözləntisi böyükdür. Bir deputat ayda iki-üç dəfə rayona seçiciləri ilə görüşməyə getsə, onun maaşının yarısı buna gedəcək. Buna görə də çox deputat tez-tez gedib gələ bilmir.

Mən maaş tələb etmirəm. Sadəcə seçicilərə daha yaxşı xidmət göstərməkdən ötrü bu tələbi qaldırıram. Çünki hazırda deputat nə edə bilərsə, onu da edir”.

Xəbərlər