Deputatın sərxoş halda polis əməkdaşını döydüyü deyilir.
Respublika Prokurorluğunun Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi ilə bağlı cinayət işinin açdığı deyilir.
Bu barədə prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material araşdırılıb:
"Material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb".
Hadisə zamanı Eldəniz Səlimovun sərxoş olduğu deyilir
İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun yerli polisə xəsarət yetirməsi haqda məlumat təsdiqlənib.
Daxili İşlər Nazirliyindən Meydan TV-yə bildiriblər ki, deputat E.Səlimov sərxoş vəziyyətdə Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Zaur Mirzəyevi döyərək ona xəsarət yetirib.
Nazirlik deputatın karantin qaydalarını pozduğunu deyib: "Hadisə iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib”.
Eldəniz Səlimov 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq deputat mandatı alıb.
Bu, Eldəniz Səlimovun adı hallanan yeganə hadisə deyil. İyunun 8-də Xaçmaz rayonunun Fərzəlioba kəndi yaxınlığında ağacların kütləvi kəsilməsi haqqında Meydan TV-də məlumat yayılmışdı.
Bu barədə ekoaktivist Cavid Qara bildirmişdi ki, ərazi deputat Eldəniz Səlimovun atası Adil Səlimovun adına keçirilib: "Ətrafdakı ağaclar kəsilərək ərazini genişləndirirlər. Bu torpaqlar vaxtı ilə meşə fonduna aid olub. Saxta məhkəmə qərarı ilə bələdiyyə fonduna, oradan da Adil Səlimovun adına keçirilib. Dağıdıcı subsidiya mexanizmi və məmur özbaşınalığı davam etdikcə, bu hallar da yeni ssenarilərlə davam edəcək. Eldəniz Səlimov həm də parlamentdə Aqrar Siyasət Komitəsinin üzvüdür. Bu, həm də ikiqat vəzifədən sui-istifadədir. Rayonun aidiyyatı qurumları heç biri bu dağıdıcı fəaliyyətə müdaxilə etmir”.
Milli Məclisin İntizam komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı həmkarı Eldəniz Səlimovun hərəkətinin qurumda müzakirə ediləcəyini söyləyib.
F. Ağamalı bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir. Milli Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir: “Beləliklə, araşdırmadan sonra çıxarılan nəticələrə əsasən, Baş Prokuror Eldəniz Səlimovun deputat kimi toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verə və Milli Məclisin qərarı ilə deputat toxunulmazlığına xitam verildikdən sonra Eldəniz Səlimov barədə cinayət işi açıla bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir”.
Parlamentin İntizam komissiyasının sədr müavini qeyd edib ki, məzuniyyət dövründə Baş Prokurorun təqdimatı Milli Məclisə daxil olarsa, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır. Milli Məclisin sədri Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır: “Hazırda deputatlar məzuniyyətdədir və məncə, araşdırmalar davam edəcək, müəyyən dövrdən sonra Baş Prokurorun təqdimatı olarsa, buna da sentyabr ayında, payız sessiyasında baxıla bilər”.
Ortada qanun pozuntusu var. Eldəniz Səlimov tərəfindən qanun pozuntusuna yol verildiyinə görə məsələ İntizam Komissiyasının gündəliyinə salınacaq və müzakirə olunacaq:
"Bildiyiniz kimi, deputatlar hazırda məzuniyyətdədir. Hesab edirəm ki, deputatlar məzuniyyətdən qayıtdıqdan sonra məsələ parlament rəhbərliyinə məruzə ediləcək. Daha sonra isə deputat Eldəniz Səlimovun məsələsi sentyabrda İntizam Komissiyasında müzakirəyə çıxarılacaq. Burada bir neçə qanun pozuntusu var. Əvvəlcə burada karantin qaydaları pozulub, daha sonra isə deputat vəzifə səlahiyyətlərini yerinə yetirən polis əməkdaşına qarşı güc tətbiq edib və səlahiyyətlərindən sui-istifadə edib. Ona görə də məsələ hökmən İntizam Komissiyasında müzakirə olunacaq”.