"Deputatların maaşlarında artım yoxdur".
“SOCAR müstəqil, “xozraşot” təşkilatdır. İmkanı var, maaşları artırıb. Deməliyəm ki, maaşı niyə artırıb? SOCAR öz maaşını artırıb, təsərrüfat hesabına işləyən təşkilatdır. Pulu var, işçilərinin maaşını artırıb. Nə etmək olar?”
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Aqil Abbas SOCAR-da maaşların 40-100% artırılmasına görə yaranan müzakirələrə münasibət bildirərkən deyib.
Deputat SOCAR-da rəhbər vəzifədə çalışanların, hətta onların katibələrinin maaşının artırılmasına baxmayaraq, neftçilərin maaşında heç bir dəyişiklik edilməməsi barədə səslənən iddialara belə cavab verib: “Yəqin, aşağı təbəqinin, fəhlənin də maaşında müəyyən artım var. Ola bilməz ki, ancaq “yuxarı”nın maaşı artsın. Katibə nədir, filan nədir? Rəhbər və katibələrin maaşı artıbmış. Bunu mən dəqiq bilmirəm, oxumamışam”.
Aqil Abbas SOCAR rəhbərinin və müavinlərinin maaşının deputatlarınkından qat-qat çox olmasına baxmayaraq, deputatların əmək haqqının artıması daha çox narazılıq yaratmasına da fikir bildirib: “Əvvəla, deputatların maaşlarında artım yoxdur. Deputatlar elə həmin pulu alırlar. Bunu əlli dəfə demişəm. Deputatlara müavinət, ildə bir dəfə isə ikiqat müalicə pulu verilirdi. Onları kəsib, əlavə etdilər maaşa. Həmin pullardan vergi tutulmurdu, indi tutulur. Deputat keçən ilkindən çox pul almır”.