Cəmiyyət 14 Noyabr 2022, 13:25 | Baxış sayı: 195
"Deputatların ezamiyyə xərclərinin artırılması üçün xüsusi addım atılmasına zərurət yoxdur"

“Məlum olduğu kimi, 2023-cü il üçün dövlət büdcəsi layihəsi parlamentin komitələrində müzakirə olunur. Noyabrın 11-də parlamentin üç komitəsinin birgə iclasında dövlət büdcəsi layihəsi müzakirə edildi. Maliyyə naziri Samir Şərifov da büdcənin əsas parametrləri haqqında geniş və ətraflı məlumat verdi. Deputatlar mövqelərini bildirdilər, ayrı-ayrı təkliflər səsləndi. Ezamiyyə xərclərinin artırılmasının lazım olduğu barədə də təklif irəli sürüldü. Bunun mənası o idi ki, bu gün bütün dünya ölkələrində çox böyük inflyasiya faktı mövcuddur. Məsələn, Avropa İttifaqının lokomotivi olan, ən böyük iqtisadi gücə malik Almaniyada inflyasiyanın səviyyəsi 10% artıb. Bu, Avropa və digər ölkələrə səfərlər zamanı deputatların ezamiyyə xərclərinin artırılması məsələsini aktuallaşdırır. Belə yanaşmalar var”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, ezamiyyə xərclərinin artırılması ilə bağlı Milli Məclisin sədrinin birici müavini Əli Hüseynli çıxış edib: “O bildirdi ki, bu məsələlərlə bağlı xüsusi problemimiz yoxdur. Çətinlik olarsa da, bu halda Maliyyə Nazirliyi ilə işçi qaydada müzakirə aparırıq və məsələlər öz müsbət həllini tapır. Əli müəllim faktlarla əsaslandırdı ki, deputatların ezamiyyə xərcləri ilə bağlı bu gün parlamentdə elə bir problem yoxdur. Ona görə hesab edirəm, hazırda büdcə müzakirələri zamanı bu məsələnin həlli ilə bağlı xüsusi addımın atılması zərurəti yoxdur. Amma hər halda 2023-cü ilin dövlət büdcəsində beynəlxalq münasibətlərlə, beynəlxalq təşkilatlarda Azərbaycanın əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı bənd üzrə büdcə xərcləri 470 milyon manata yüksəlib. Bu da əvvəlki illə müqayisədə xeyli fərq deməkdir”.

Xəbərlər