İqtisadiyyat 15 Dekabr 2022, 13:26 | Baxış sayı: 160
“Deputatlar zarafat etdilər ki, deyəsən, 300 dollar Rüfət müəllimə bəs etmir...”

Milli Məclisin deputatı Rüfət Quliyevin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “300 dollar mənim özümə kifayət edir, xaricdən ancaq kitab alıram, bu da 300 dollar edir...” fikirləri müzakirə yaradıb. Bildirilir ki, deputat bu kitabları oxumur, onun kitab biznesi var. Deputatın gömrükdə müsbət dəyişikliklərin şahidi olduğunu deməsi də birmənalı qarşılanmayıb. İddia edilir ki, Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin vaxtında neqativlər çox olsa da, Rüfət Quliyev bunu demirdi, indi isə deputat gömrükdə ciddi dəyişikliklər olduğunu bildirir.

 

Rüfət Quliyev Pravda.az-a açıqlamasında haqqında səsləndirilən fikirlərə münasibət bildirib.

 

Deputat deyib ki, çıxışlarının əksəriyyətində kifayət qədər ironiya, sarkazm, zarafat var: “Mən deməmişəm ki, hər ay 300 dollarlıq xaricdən kitab gətirirəm. Deputatlar zarafat etdilər ki, deyəsən, 300 dollar Rüfət müəllimə bəs etmir, ona görə bu barədə danışır. Mən də zarafatla cavab verdim ki, 300 dollar mənə bəsdir, ancaq kitab gətirdirəm. Bu da hər ay olmur. Bir insan düşünürsə ki, bu gün dünyada kitab alveri ilə məşğul olub, qazanc əldə etmək olar, deməli, o insan bazar iqtisadiyyatından kifayət qədər uzaq adamdır. “Kitab alveri” məfhumu belə yoxdur. Çox insan kimi mən də kitabı internetdə oxuyuram, amma lazım olan kitabları ildə bir-iki dəfə gətirdirəm. Artıq neçənci dəfədir, saytlar başlığa elə bir cümlə qoyurlar, hansı ki, mətndə var, amma onu qabardırlar. Başa düşürəm, maraqlı olması üçün bunu edirlər. Problem yoxdur, qoy olsun. Amma oxucular özlərinə əziyyət verib, açıqlamanı da oxusunlar. Əfsus ki, şərh yazanlar çıxışımı oxumayıblar. Başa düşmürlər ki, kim xaricdən mal sifariş edir, gətirdirsə, mən o insanlar üçün çalışıram. Bu məsələni dəfələrlə qaldırmışam. Komitə iclasında da hörmətli Şahin müəllim dedi ki, bu məsələ ilə ciddi məşğuluq, xəbərdarıq, güman edirəm, həlli yollarını axtarıb tapacağıq. Maraqlısı budur ki, ictimai nəzarət, deputat nəzarəti var. Yüzlərlə insan bu barədə mənə yazıb, zəng edib, görüşlərdə də deyiblər. Mən də onların arzusunu Dövlət Gömrük Komitəsinin rəhbərliyinə çatdırdım. Bundan əvvəlki başqa xahişlərim, təkliflərim, iradlarım qəbul olunub, həyata keçirilib. Tək mənim yox, aktiv olan bir çox deputatlarımızın da”.

 

R.Quliyev gömrükdə dəyişikliklərin olması barədə fikrinə də aydınlıq gətirib: “İclasda səmimi şəkildə qeyd etdim ki, üç-dörd ay öncə xaricdən qayıdanda aeraportda gömrük sistemində dəyişikliklər gördüm. Söhbət münasibətdən gedir - gömrüyün işçilərinin Bakıya gələn qonaqlara, yaxud da Azərabaycanın vətəndaşlarına. Bu yöndə kifayət qədər müsbət dəyişikliklər var. Səfər Mehdiyevin vaxtında da kifayət qədər çıxışlar etmişdim. Özümə əziyyət vermək istəmirəm. Hansı insanlar Səfər Mehdiyevin dövründə DGK haqqında tənqidi çıxış etmədiyimdən şübhələnirlərsə, internetdə baxsınlar. Xaricdən mal alanda əvvəl 1 000 dollarlıq hədd var idi. Amma indi bu rəqəmi azaldıb, 300 dollar etmişik. 1000 dolların 300 dollara salındığı ərəfədə ən fəal deputatlardan biri mən idim. Həmin vaxt ən problemli məsələ göndərilən malları gömrükdən götürmək idi. Yubanmalar var idi. Əksər insan şikayət edirdi ki, onları gömrükdə incidirlər. Sırada durmalı, saatlarla gözləməli idilər. Hətta bununla bağlı təklif etdim, komitə adından məktub yazıldı, cavabını da aldıq. Qanun layihəsində kifayət qədər dəyişikliklər olundu, məsələ nəzarətə götürüldü. Özlərinə bir az əziyyət verib, internetə baxsalar, çıxışlarımı görərlər. Düşünürəm ki, obyektiv formada çıxış etməyə nail oluram, çalışıram konkret insanların problemləri barədə danışam, konkret təklif verəm. Özümü tərifləməyə dəyməz. Rüfət Quliyev kimdir, insanlar da, seçicilərim də bilirlər. Seçicilərimlə də sıx təmasdayam. Kim müraciət edibsə, əlimdən gələni etmişəm…”

Xəbərlər