Cəmiyyət 18 Oktyabr 2021, 11:20 | Baxış sayı: 222
Deputatlar qiymət artımına münasibət bildirib.

"Prezidentin artırdığı sosial ödənişlər qiymət artımını xeyli üstələyəcək".

Bu fikirləri deputat Tahir Mirkişili Report.az-ın suallarını cavablandırarkən səsləndirib:

"Bəzi populistlərin çıxışlarına fikir verməyərək bu suallara cavabları təhlil edərək, soyuqqanlı şəkildə izah etməyə çalışırıq".

1. Qazın, elektrikin qiymətinin artırılmasına ehtiyac yaranmışdımı?

Azərbaycanda qazın illik istehlakı 11mlrd m3 ətrafındadır. Dövlətin (Socarın) hasil etdiyi qazın həcmi 6 mlrd m3 -ə yaxındır. Neft hasilatından əldə olunan səmt qazının həcmi isə 2mlrd m3-ə yaxındır. Çatışmayan (11-6-2=3) 3mlrd m3 isə dövlət konsorsiumdan (Şahdəniz)-dan alır.

Dövlət (Socar) özünün hasil etdiyi qazı Azərkontrakta 1000 m3 u 75 manatdan (44$) verirdi, bu rəqəm qazın hasilatına çəkilən xərci ödəmirdi, buna görə də Socarın satış qiyməti 1000 m3 üçün 90 man (53$) oldu.

Neft hasılatından əldə olunan səmt qazı Azərbaycana pulsuz verilsə də, bir çoxlarının anladığı kimi bu qazın istehlakçıya çatdırılmasının da pulsiz başa gəlməsi anlamına gəlməməlidir. Çünki qaz pulsuz olaraq dənizdə “quyu başında” verilir, bu qazı sahilə nəql etmək, təmizləmək, saxlamaq və istehlakçıya çatdırmaq üçün xeyli xərc çəkmək lazım olur.

Şahdəniz konsorsiumunun qazı Azərbaycana satmaq və ya ucuz satmaq kimi bir öhdəliyi yox, xarici şirkətlərin iştirakı ilə qurulan bu konsorsiumun əsas məqsədi qazı baha satmaq, ixrac etmək və yüksək gəlir əldə etməkdir. Biz də onlardan çatışmayan qazı bazar qiymətləri ilə alırıq, dünya bazarında qazın qiyməti isə neft qalxdıqca o da qalxır, 1000 m3 u 500-700-2000$ ətrafında dəyişir. Qiymət fərqinə fikir verin.

Yəni, Azərbaycanda əhaliyə və biznes sektora satılan qazın satış qiyməti alış və ya maya dəyərindən xeyli aşağıdır. Bu problem indiyə qədər dövlət büdcəsindən (vətəndaşların pulundan) subsidiya ödəməklə həll olub. Amma subsidiya daimi ola bilməz. Hazırda büdcə qarşısında xeyli tarixi vəzifələr var, bərpa, quruculuq işləri, təhlükəsizlik və s. kimi mühüm çağırışlar mövcuddur. Ona görə də, müasir bazar iqtisadiyyatı yolu seçildi - satış qiymətləri artırılaraq zərərə yol verməmək yolu seçildi. Bununla yanaşı, idarəetmənin təkmilləşdirilməsi, xərclərin azaldlılması istiqamətində də iş gedir, amma bu bir az vaxt alacaq.

2. Bu artım ailələrə nə qədər təsir edəcək?

Aparılan təhlillər göstərir ki, qaz istehlakında (qiymətin artdığı sektorda) əhalinin orta aylıq çeki 9 manatdır. Elektrik istehlakında isə orta aylıq çek 16 manatdır. Təqribən qiymətlərin orta hesabla 20% artdığını nəzərə alsaq qiymət dəyişmələri bir ailəyə orta hesabla ayda 5 manat əlavə xərc yaradacaq. Bu birbaşa təsirdir. Təbii ki, müəyyən qədər inflyasiyanın artması, istehsal və xidmət müəssisələrində də müəyyən qədər qiymətlətin artması baş verəcəkdir.

3. Bu təsiri dövlət yumşaladacaqmı?

Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşı dayanıb. O, bunu tarixin bütün anlarında sübut edib. Dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq hissəsi, əlavə gəlirlər daim vətəndaşların sosial vəziyyətinin daha da güclənməsinə yönəldilib. Dövlət qarşısında duran nəhəng və çətin layihələrin maliyyə tələblərinə baxmayaq Prezident İlham Əliyev dünən “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncam birbaşa 2 milyona yaxın insanı əhatə edəcək. Milli Məclisə daxil olacaq 2022-ci ilin Dövlət Büdcəsi layihəsində sosial xərclərin əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Hesad edirəm ki, əhalinim gəlirlərinin (maaş, pensiya, təqaüd və s) xeyli dərəcədə artımına gətirib çıxardacaq by dəyişikliklər kommunal sahədə əhalinin xərclərinin artan hissəsini bir neçə dəfə üstələyəcək.

Qeyd etmək istərdim ki, ölkədə idarəetmənin təkmilləşməsi, maliyyə şəffavlığı, büdcə vəsaitlərinə edilən qənaət, zərərlə işləyən sahələrin zərərdən çıxarılması dayanıqlı iqtisadi artım modeli qurmaq yolunda atılan mühüm addımlardır. Dayanıqlı iqtidadi artım modelinim isə son məqsədi vətəndaşların daha yaxşı və təhlükəsiz yaşayışını təmin etməkdir.

 

Digər deputatlar da qiymət artımına münasibət bildiriblər:

Aydın Mirzəzadə bildirib ki, ölkə başçısının yeni sərəncamı 2 milyona yaxın vətəndaşın rifahının daha da yaxşılaşmasına xidmət edəcək:

“Yeni sərəncam həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. Vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətdir. Sərəncam bir daha göstərdi ki, əhalinin sosial vəziyyətinin yüksək səviyyədə olması hər zaman dövlətin və ölkə başçısının diqqətindədir. Bu istiqamətdə atılmış bu, heç də sonuncu addım deyil. Bundan sonra da əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən ciddi tədbirlər görüləcək. Manatın dəyəri qorunub-saxlanılır, yeni iş yerləri yaradılır, biznes mühitinin yaxşılaşdırılması üçün ciddi addımlar atılır. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yaradılması, bu ilin sonuna qədər məcburi köçkünlərin dədə-baba yurduna qayıtması təbii ki, əhalinin sosial vəziyyətin yaxşılaşmasına ciddi təsirini göstərəcək”.

 

Deputat Anar Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasən həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir: “Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Beləliklə, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır. Bu məqsədlə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb.”

 

Deputat Mahir Abbaszadə isə qeyd edib ki, dünyanın hər bir ölkəsində olduğu kimi, Azərbaycanda da müəyyən məhsulların, eləcə də kommunal xidmət haqlarının qiymətində artım baş verir: “Qazın və işığın sonuncu dəfə qiymət artımını isə ajeotaj kimi qəbul etmək lazım deyil. Çünki hər bir sahədə olduğu kimi, kommunal xidmətlərin də keyfiyyətinin yüksəldilməsi üçün müəyyən qiymət artımlarına zərurət yaranır. Bəli, kommunal xidməthaqlarının artması əhali üçün müəyyən çətinliklər yarada bilər. Amma bu artım hər bir ailə üçün 5-6 manatdan yuxarı olmayacaq. Nəzərə alsaq ki, Prezidentin sərəncamına uyğun olaraq, əhalinin gəlirlərində artım olacaq, o zaman kommunal ödənişlərdəki bahalaşma aztəminatlı ailələrin həyat şəraiti və gündəlik güzəranına ciddi təsir etməyəcək”.

Xəbərlər