Siyasət 7 May 2021, 18:23 | Baxış sayı: 258
Deputatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair” hesabatına münasibət bildirdilər.

Ermənistanın 30 il davam edən işğal və təcavüz siyasətinə son qoyduğumuz 44 günlük müharibədəki Qələbəmizlə bölgədə yeni bir reallıq, sülh və əməkdaşlıq perspektivi yaratsaq da, informasiya savaşı hər ötən gün şiddətlənməkdədir. Vətən müharibəsində olduğu kimi, heç şübhəsiz, informasiya cəbhəsində də üstünlük bizim tərəfimizdədir. Lakin bu üstünlüyün qorunması üçün real tarixi-siyasi faktlara əsaslanan həqiqətləri dünya ictimaiyyətinə çatdıraraq saxta əks-təbliğat proseslərini fiaskoya uğratmaq istiqamətində fəaliyyətin davamlılığı və səylərin gücləndirilməsi vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

B.Məhərrəmov qeyd edib ki, Azərbaycan artıq münaqişəyə son qoyub, Ermənistanı da işğala son qoymağa vadar edib. Bu gün biz kommunikasiya xətlərinin açılması fonunda əməkdaşlıq və dinc qonşuluq münasibətlərinin bərpası niyyətimizi ortaya qoymuşuq və heç şübhəsiz, buna nail olacağıq. Lakin xəstə təfəkkür, zəhərlənmiş zehniyyət erməni cəmiyyətinə imkan vermir ki, prosesin intensivləşməsinə töhfə versin. Əksinə, Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara və bütün türklərə qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin nəticəsi olaraq bu ölkədə hələ də revanş iddiaları, işğalçı və təcavüzkar milli mahiyyət aydın şəkildə sezilməkdədir. Bu mənada, dünya ictimaiyyətinin həqiqətləri bilməsi informasiya müharibəsində əsas hədəflərimizdən biri olmalıdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair” hesabatını yüksək dəyərləndirən deputat onun bu istiqamətdə vacib addım hesab etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, yalnız müasir dövrlə kifayətlənməyərək, Ermənistanın etnik azərbaycanlılara qarşı ayrı-seçkiliyə əsaslanan siyasətinə tarixi baxış, bu nifrət siyasəti nəticəsində törədilmiş cinayətlər, işğal dövründə bu nifrətə əsaslanan vandalizm, mediada cinayətə çağırışlarla zəngin olan anti-Azərbaycan təbliğatı kimi məqamları ayrıca təhlil edib, konkret faktlarla zənginləşdirmək bu hesabatın dəyərinə dəyər qatır.

“Hesabatı hazırlamaq hələ prosesin başlanğıcıdır. Bu hesabatın başda insan hüquq müdafiə təsisatları olmaqla, aidiyyəti beynəlxalq qurumlara, diplomatik korpusa çatdırılması, sənəddən xüsusilə diqqət çəkən və auditoriyaya təsir edə biləcək maraqlı faktları qısa formada ənənəvi və sosial media resurslarında yayılmasına nail olmaq lazımdır. Hesab edirəm ki, bu işdə siyasi partiyalar, təhsil müəssisələri, diaspor fəalları, habelə könüllülərin güc və imkanlarından yararlanmaq vacibdir”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

 

Deputat Könül Nurullayeva da hesabata münasibət bildirib

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin ermənilərin azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatında çox tutarlı faktlar yer alıb. Sənəddə Ermənistanın terrorçu mahiyyəti faktlarla göstərilir. Bu hesabat həm də beynəlxalq insan hüquqları qurumlarına ünvanlanan müraciətdir. Xüsusilə, insan hüquqları institutları yeni münaqişə ocaqlarının yaranmasına yol açan belə fəaliyyətlərin dayandırılması istiqamətində həmrəylik nümayiş etdirməyə çağırılır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputatın sözlərinə görə, hesabatda bir daha təsdiqlənir ki, nifrət nitqi, onun formalaşdırdığı nifrət ideologiyası sonradan şiddətli aqressiyaya çevrilərək müharibə və soyqırımı cinayətlərinə səbəb olur. “Biz bunu həqiqətən də Ermənistanın Azərbaycana qarşı münasibətinin nümunəsində gördük. Azərbaycana məxsus torpaqların işğal olunmasında anti-Azərbaycan təbliğatının birbaşa təsiri var. Hesabatda da qeyd edildiyi kimi, 30 il boyunca öz qonşusunun torpaqlarını işğal altında saxlayan Ermənistan etnik təmizləmə yolu ilə bir milyondan çox insanı doğma yurdlarından qovaraq qaçqın və məcburi köçkün vəziyyətinə saldı, etnik mənsubiyyətinə görə soyqırımı törətdi. Beynəlxalq hüququ heçə sayan Ermənistana qarşı beynəlxalq miqyasda qınaq olmalıdır”, - deyə deputat qeyd edib.

K.Nurullayeva vurğulayıb ki, hər zaman məsuliyyətdən boyun qaçıran Ermənistan bu illər ərzində Azərbaycanın və beynəlxalq ictimaiyyətin işğala son qoyulması və birgə yaşayış üçün sülh çağırışlarına etinasız yanaşmaqdan çəkinməyib. İkinci Qarabağ müharibəsi dövründə isə bu nifrət daha kəskin hal alıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə edilən hücumlar, işğaldan azad edilən Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilmiş vandalizm faktlarında nifrət siyasətinin izləri aydın görünür.

“Hesabatda da qeyd olunduğu kimi, Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, həyat və sağlamlığı üçün təhlükə yaradılması, soydaşlarımızla amansız rəftar və ləyaqətlərinin mütəmadi alçaldılması ilə özünü öldürmə dərəcəsinə çatdırılması, soyuqqanlılıqla qətlə yetirilməsi yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi xalqımıza qarşı davam etdirilən nifrət siyasətini bir daha təsdiq edir. Bütün bu faktlar Ermənistanı beynəlxalq hüquq çərçivəsində cəzalandırmaq üçün yetərlidir”, - deyə deputat qeyd edib.

 

Ombudsanən hesabatına həmçinin Naqif Həmzəyev də münasibət bildirib.

 

“Azərbaycanın İnsan Haqları üzrə Müvəkkilinin hazırladığı "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair" hesabat çoxdan hazırlanması vacib olan bir sənəd idi. Düşünürəm ki, bu ermənilərin azərbaycanlılara qarşı törətdikləri hərbi cinayətləri, soyqırımları dünyaya çatdırmaq üçün çox vacib məsələdir”. 

Bunu "Qafqazinfo" ya açıqlamasında YAP-çı deputat Naqif Həmzəyev sözügedən hesabata münasibət bildirərkən deyib. 

O xatırladıb  ki, ermənilər XIX əsrdən başlayaraq yaratdıqları terror təşkilatları vasitəsilə ilk olaraq Osmanlı ərazisində hərbi cinayətlər və terrorlar törətməyə başladılar: "Onların məqsədləri "Böyük Ermənistan" qurmaq idi. Təbii ki, erməniləri qızışdıran, dəstəkləyən havadarları da var idi. Osmanlı dövlətinin zəiflədiyi bir dövrdə müəyyən dərəcədə ermənilər uğur qazandılar. Beləliklə də hərbi cinayətlər və terror hadisələri törətdilər. 

Daha sonra bu proseslər azərbaycanlıların yaşadıqları ərazilərə də gəlib çıxdı. 1813 və 1828-ci illərdəki Türkmənçay və Gülüstan müqavilələrindən sonra azərbaycanlıların yaşadıqları əraziyə ermənilər köçürülməyə başlanıldı. Nəticə etibarilə Osmanlı ilə azərbaycanlılar arasında bufer zona yaradıldı. Rus çarizmi özləri üçün bir dayaq yaratmaq istəyirdi. Bir sözlə, həmin dövrdən əsası qoyulan bu siyasət daha sonra da davam etdirildi. 

XX əsrin əvvəllərində azərbaycanlılara qarşı ermənilər tərəfindən çox böyük soyqırımlar törədildi. Çoxlu sayda soydaşlarımız qətlə yetirildi. Daha sonra da Sovetlər vaxtında xalqlar dostluğu ideologiyası tətbiq edilsə də ermənilərə müxtəlif güzəştlər olunurdu. Hətta qondarma "erməni soyqırımı"nın da 50 illiyi sovetlər dönəmində Ermənistanda qeyd edildi. Hərçənd ki, bunun qeyd edilməsinin özü belə təəccüb doğurur. Əgər başqa millətlərin xaricdən öz vətənlərinə gəlib-getmələri problem yaradırdısa, dünyada müxtəlif ölkələrdə yaşayan ermənilər rahatlıqla Ermənistana köçürülə bilirdilər. Ermənilər azərbaycanlılara qarşı nifrət cinayətlərini XX əsrdə də davam etdirdilər.  

XX əsrin sonlarına yaxın Dağlıq Qarabağın Ermənistana birləşməsi fikirləri artıq Sovet rəsmiləri tərəfindən də dəstəkləndi. Həm Azərbaycanda yaşayan ermənilər, həm də Qarabağda yaşayan ermənilər qızışdırılaraq süni olaraq bu münaqişə yenidən alovlandırıldı. 1992- ci ildə olan Xocalı soyqırımını birbaşa olaraq ermənilər törətdilər. Bu da əsrin ən böyük faciələrindən biridir. Ancaq çox təəssüflər olsun ki, illər dəyişsə də ermənilərin ideologiyası, onların proseslərə baxışı dəyişmədi. Sonrakı dövrdə də hərbi cinayətlərini, terror aktlarını törətməyə davam etdilər".

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı da ermənilər dinc əhalinin yaşadığı əraziləri uzaqmənzilli, istifadəsi qadağan edilmiş raketlərlə hədəfə aldılar: “Nəticədə bizim dinc vətəndaşlarımız şəhid oldular. Biz torpaqlarımızı işğaldan azad etdikdən sonra fərqli bir mənzərəylə qarşılaşdıq. Faktiki olaraq işğaldan azad edilmiş ərazilərdə daşı daş üstünə qoymayan erməni vandalları bizim dini-mədəni abidələrimizi talan ediblər. Bu gün Azərbaycan külli miqdarda vəsait xərcləməklə bu əraziləri yenidən bərpa edir. Ölkə başçımızın birbaşa nəzarətində olan bu proses tezliklə başa çatacaq. Qarabağ cənnətə çevriləcək. Ancaq biz bütün bunlara baxmayaraq ermənilərin iç üzünü dünyaya göstərməliyik. Neçə əsrdir dünyanı aldadan, məsum bir millət kimi özünü tanıdan ermənilərin əslində cinayətkar olduğunu dünyaya çatdırmalıyıq. 

Düşünürəm ki, ötən dövr ərzində cənab Prezidentimiz İlham Əliyev bütün beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Bu proses hazırda da davam edir. Ölkə başçısı ermənilərin bu ərazilərə gəlmə olduğunu bir neçə platformada sübut etdi. Biz də bu prosesləri davam etdirməliyik. Ermənilər hələ də ağıllanmayıblar. Onlar revanşist ideologiyası ilə yaşayırlar. Ancaq onların əsl simalarını dünyaya göstərsək, dünya ictimaiyyəti də onlara təsir edəcək. Ona görə də bu istiqamətdə Ombudsman tərəfindən hazırlanmış bu hesabatı yüksək dəyərləndirirəm. Hesabat daha çox yayılmalıdır və çalışmalıyıq ki, dünya ictimaiyyəti bu hesabatla daha yaxından tanış olsun”.

Xəbərlər