Plenar iclaslar 11 İyun 2021, 16:33 | Baxış sayı: 346
Deputat: "Qanun layihəsi Avropa ilə müqayisə edilir. Biz Avropa deyilik".

“Balet ustaları sovet dönəmində 35 yaşdan pensiyaya çıxırdı. Bu zaman futbolçular da dava edirdi ki, 35 yaşdan sonra pensiya ala bilmirlər, onlar da pensiyaya çıxa bilsin. Bizdə pensiya yaşı 65-dir. Sovet dövründə təhsil alanlar xatırlayar, “ölü pensiya” anlayışı var idi. İndi Azərbaycanda ona çatmışıq. Mən bu layihənin əleyhinəyəm. Birinci Qarabağ savaşının veteranlarının əksəriyyəti hələ veteran adı ala bilməyib. Süründürürlər o insanları. ƏƏSMN yanında veteranlarla bağlı 7 aydır, komissiya yaradılıb. Hələ bir açıqlama yoxdur. İkinci Qarabağ müharibəsinin bitməsindən 7 ay keçib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

Deputat mütəxəssislər tərəfindən qanun layihəsinə yenidən baxılmasının vacibliyini bildirib.

Spiker Sahibə Qafarova təklif edib ki, qanun layihəsinin üçüncü oxunuş komitə iclası geniş formatda nazirlik əməkdaşlarının iştirakı ilə keçirilsin.

Deputat Vahid Əhmədov isə xatırladıb ki, Səlim Müslümov da islahat adıyla parlamentə belə bir qanun layihəsi göndərmişdi: “Bu günə qədər biz bu qanun layihəsinin altından çıxa bilmirik. Bu da o cür qanun layihəsidir. Bu qanun çox ciddi problemlər yarada bilər. Təklif edirəm ki, bu qanun layihəsi bizə paket şəklində verilsin. Nazir gəlib bizə bu qanun layihəsini şərh etsin. Qanun layihəsi Avropa ilə müqayisə edilir. Biz Avropa deyilik. Bu qanun layihəsi üzərində çox ciddi iş getməlidir. Bu qanun layihəsi bizə paket şəklində verilməlidir”.

Xəbərlər