Deputat müharibə veteranlarının kommunal xərcləri üçün ayrılan vəsaitin artırılmasını təklif edib
“Çernobılda 8000 nəfər iştirak edib, onlardan 5000-ə yaxın əlil olan var. Birinci Qarabağ müharibəsində 80 min nəfər iştirak edib, 15 min əlil var”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, ümumilikdə götürəndə bu kateqoriya əlillərin sayı 21 minə qədərdir: “İkinci Qarabağ müharibəsi ilə bağlı statistika hələ hazır deyil. Əlillər arasında fərq qoyulmasına qarşıyam. Amma bu cür həssas təbəqəni incitmək, onların yenidən yoxlamadan keçirilməsi bu insanlara təsir edir”.
S.Novruzov əlillərin sayına görə ölkələr arasında müqayisə aparılmasına qarşı olduğunu da qeyd edib: “Bəzi ölkələrdə heç müharibə olmayıb, müharibədə iştirak edənləri yoxdur. Azərbaycanda isə əlillərin bir qismi müharibə əlilləridir”.
Siyavuş Novruzov müharibə veteranlarının kommunal xərcləri üçün ayrılan vəsaitin artırılmasını təklif edib: “Hazırda müharibə veteranlarına kommunal xərclərin ödənilməsi ilə bağlı 80 manat müavinət verilir. Hər bir veteran bundan fəxarət hissi keçirir. Ancaq ölkədə nəqliyyat və kommunal sahədə qiymətlər artıb. Ona görə təklif edirəm ki, müharibə veteranları üçün ayrılan kommunal xərclər 130 manata çatdırılsın. Biz bununla 100 mindən çox şəxsin kommunal ehtiyacının qarşılanmasına nail ola bilərik”.