Cəmiyyət 5 Yanvar 2023, 12:39 | Baxış sayı: 103
“Deputat, məmur o qədər düşüncəsiz deyil ki, saxta sürücülük vəsiqəsi alsın”

“Bəzən vəzifəli şəxslər, müəyyən səlahiyyəti olan adamlar sürücülüyü mükəmməl bilmədən, kurs keçmədən sürücülük vəsiqələri əldə edirlər. İstənilən halda, onlar da sürücülüyü yaxşı öyrənməli, avtomobil idarə etməyi bacarmalıdırlar. Tam sürücülük kursu keçmədən, texnikanı yaxşı idarə etmədən sürücülük vəsiqəsinin alınmasının əleyhinəyəm. Qızlarımızın, xanımlarımızın çoxu bu dəqiqə avtomobil idarə edirlər, baxırsan ki, qəza törədənlərin çoxu onlar olur. Amma əksəriyyəti sürücülük kurslarına gediblər, qayda-qanunla sürücülük vəsiqələrini əldə ediblər. Bizdə çatışmayan nədir? Sürücülük mədəniyyətinin olmaması. Yol qəzalarının törədilməsində başlıca səbəblərdən biri budur. Çox sürücülər bir-birilərinə qayğıkeş münasibət bəsləmir, kobud hərəkət edirlər, yol qaydalarını pozurlar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

T.Rzayev məmurların, deputatların çoxunun sürücülük vəsiqəsini qanundankənar yolla almaları barədə iddialara isə belə münasibət bildirib: “İndi dövlət məmurları, deputatlar hamısı hədəfə götürülüb. Nə olursa, bu iki təbəqənin üstünə atırlar ki, guya bunlar saxtakarlıqla sürücülük vəsiqəsi alırlar. Məsələn, mən gənc yaşlarımda maşın idarə etmişəm. Komsomol olanda, o vaxtlar gənclər təşkilatına rəhbərlik edəndə sürücüm var idi, ondan avtomobil sürməyi öyrəndim. Sürücüm dedi ki, rəhbər adamın sükan arxasında oturmasını məsləhət görmürəm. Hələ o vaxt sürücülük vəsiqəsi ala bilərdim, almadım. 20 il bundan əvvəl dedim ki, deputatam, ola bilsin maşın alaram, idarə edərəm. Maşın sürməyi mükəmməl bilirdim. Sürücülük vəsiqəm var, amma uzun müddətdir qalır. Düzünü deyim, imtahan verib, qaydalara uyğun sürücülük vəsiqəsi almışam. Lakin sonradan həvəsim olmayıb, gördüm ki, hövsələm çatmır. Tıxaclar, müəyyən əsəb gərginlikləri imkan vermir ki, avtomobili özüm idarə edəm. Buna görə də uzun müddət ictimai nəqliyyatdan istifadə etmişəm, işə ictimai nəqliyyatla gedib-gəlmişəm. Bunu qəbahət hesab etmirəm. Kimin hövsələsi yoxdursa, müəyyən problemləri varsa, maşın sürməsinlər. Bəzi adamların texnikaya marağı var. Mənim heç vaxt maşın sürməyə, maşınların markalarını öyrənməyə marağım olmayıb. Bu gün də avtomobillərin çoxunun markasını dəqiq bilmirəm. Ədəbiyyata, incəsənət sahəsinə marağım var, texnikaya yox. Bu, eyib deyil. Nə olursa, dövlət məmurlarının, deputatların adına yazırlar. Sadə adamlar qəza hadisələri törətməyibmi? Törədirlər. Halbuki onlar da sürücülük kursu keçib, vəsiqə alıblar. Dövlət məmurları, deputatlar arasında da yol hərəkəti qaydalarını pozanlar var. Cəmiyyətin bütün nöqsanlarını götürüb elə ancaq bu iki təbəqənin adına yazmaq, düşünürəm ki, düzgün deyil. Deyirlər ki, deputatlar savadsızdırlar, qabiliyyətsizdirlər, xalqın vəziyyətinə yanmırlar... Baxaq görək, deputatların tərkibində neçə akademik, elmlər namizədi, fəlsəfə doktoru, çox yaxşı rəssamlar, yazıçılar və digər sənət adamları təmsil olunurlar. Bunları örnək vermirlər, amma nə olursa, “deputat” deyirlər. Deputat niyə saxta yolla gedib sürücülük vəsiqəsi almalıdır ki? Deputat özü bilir ki, saxta sürücülük vəsiqəsi alsa, maşını idarə edə bilməsə, qəza baş verər, nəticədə həyatı məhv olar. Axı deputat, dövlət məmuru o qədər düşüncəsiz deyil ki, maşını idarə edə bilmədən gedib saxta sürücülük vəsiqəsi alsın. Bunu deyənlər özləri savadsız adamlardır”.

 

T.Rzayev həmkarı Tahir Kərimlinin sürücülük vəsiqələrinin qanundankənar yolla alınmasını yol qəzalarının baş verməsinin əsas səbəblərindən biri kimi qiymətləndirməsinə isə belə cavab verib: “Tahir Kərimlinin sözündə müəyyən həqiqət var. Ancaq tam demək olmaz ki, yol qəzalarının baş verməsinin əsas səbəbi saxta sürücülük vəsiqələrinin alınmasıdır. Xeyr, elə sürücülər var ki, onlar 30-40 ilin peşəkar sürücüləridir. Amma tale, qismətdir, bir də görürsən ki, qəzaya düşürlər və insan fəlakəti ilə nəticələnir...”

Xəbərlər