Plenar iclaslar 8 İyun 2021, 18:33 | Baxış sayı: 368
Deputat: "Əgər deyilirsə ki, bu ölkədə korrupsiya olmamalıdır, deməli olmamalıdır".

“Bu gün Azərbaycanın dövlət büdcəsi heç olmasa məcmu daxili məhsulumuz qədər olmalı idi”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, elə şeylər var ki, beynəlxalq bazarla bağlayırıq, inflyasiya ilə əlaqələndiririk: “Xalqa verdiyimiz əmək haqqı, pensiya gələndə, ondan 10 dəfə aşağısını veririk. Əgər deyilirsə ki, bu ölkədə korrupsiya olmamalıdır, deməli olmamalıdır. Süni bahalaşma olmamalıdır deyilirsə, deməli olmamalıdır. Pandemiya səbəbilə biz kəndlərdə, rayonlarda seçicilərin qabağına çıxa bilmirdik, indi çıxacağıq. Siz gedin çıxın o xalqın qabağına. Biz parlamentarilər bu yükü üzərimizə götürürük. Burda söz deyəndə də bəzi məmurların acığına gəlir”.

Deputat qeyd edib ki, SSRİ dönəmində bizim mükəmməl təhsilimiz, o cümlədən peşə təhsilimiz olub: “Hamısını yıxıb dağıtdıq. “Ali təhsil haqqında” qanunu 10 ilə qəbul edirik. Bizim təhsilimiz, elmimiz olmadan irəli gedə bilmərik. Elm-təhsil sahəsində ancaq geri getmişik. Azərbaycan Şərqdə, müsəlman dünyasında əvvəllər öncül yerlər tutub”, - deyə deputat bildirib.

Spiker Sahibə Qafarova isə bildirib ki, təhsilimiz yoxdur demək olmaz: “Təbii ki, çətinliklər, problemlər var. Birlikdə yığışıb bu problemləri aradan qaldırmalıyıq. Bu gün parlamentin Elm və təhsil komitəsində “Ali təhsil haqqında” qanun layihəsi üzərində iş gedir. Bütün təkliflərinizi ora verin”.

Xəbərlər