Ümumi 5 Aprel 2021, 15:28 | Baxış sayı: 358
Deputat: "Ermənistan tərəfindən “İskəndər” tipli raketlərin tətbiqi həm beynəlxalq humanitar hüququn, həm də beynəlxalq adət hüququnun pozuntusudur".

"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının işğaldan azad olunmuş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi tədbirləri zamanı “İskəndər” operativ-taktiki kompleksinə daxil olan raketin qalıqlarının tapılması Ermənistan tərəfindən törədilmiş növbəti müharibə cinayətinin əyani sübutudur".

Bunu "AzPolitika.info"-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov sözügedən hadisəni şərh edərkən bildirib.

"Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev parlaq qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsinin ilk günlərindən bəyan edib ki, ordumuzun bölmələri döyüş meydanında beynəlxalq öhdəliklərinə sadiqliyini nümayiş etdirərək, ciddi şəkildə beynəlxalq humanitar hüquq normaları və prinsiplərinə riayət edir",-deyə millət vəkili vəkili vurğulayıb.

Hüquqşünas təəssüflə bildirir ki, işğalçı Ermənistanın silahlı birləşmələri “Cenevrə hüququ” kimi tanınan 12 avqust 1949-cu il tarixli dörd Cenevrə konvensiyalarını və onların 8 iyun 1977-ci ildə qəbul olunmuş iki Əlavə protokolunu total formada pozub: "Məlum olduğu kimi, “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair” I saylı Əlavə Protokolun 85-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, “mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsi” qadağan edilərək, bu cür əməllər müharibə cinayəti kimi qiymətləndirilir.

“Cenevrə hüququnun” digər fundamental müddəası I saylı Əlavə Protokolun 35-ci maddəsində nəzərdə tutulub. Həmin maddəyə əsasən, hər hansı silahlı münaqişədə onun tərəflərinin müharibənin aparılmasının vasitələri və üsullarını seçmək hüququ məhduddur. Lüzumsuz xəsarətlər və ya artıq iztirablara səbəb olan silah, mərmi, maddələrdən və döyüş üsullarından istifadə etmək qadağandır. Həmçinin, yeni növ silahlar, vasitələr və ya müharibə metodları inkişaf etdirilərkən, əldə edilərkən və ya silahlı qüvvələr tərəfindən qəbul edilərkən, onların beynəlxalq humanitar hüquqa və Əlavə Protokolun iştirakçılarına münasibətdə tətbiq edilən digər beynəlxalq müqavilələrə uyğun olması mütləqdir. Bu qayda I saylı Əlavə Protokolun 36-cı maddəsində nəzərdə tutulub".

N. Səfərovun sözlərinə görə, beynəlxalq humanitar hüquq normaları və prinsiplərinə əsasən, ballistik raketlərdən, yəni irimiqyaslı məhvedici radiusa malik olan partlayıcı vasitələri daşıyan raketlərdən, mülki əhalinin yaşadığı zonada, hətta hərbi hədəflərə qarşı tətbiqi qeyd edilən “Cenevrə hüququnun” ən ciddi pozuntuları sırasına daxildir.

"Beynəlxalq humanitar hüquqda hədəfləri fərqləndirməyən, mülki əhali ilə leqitim hərbi hədəfləri ayıra bilməyən silahların tətbiqinə yol verimir", -deyə millət vəkili əlavə edib.

Nizami Səfərov daha sonra bildirib ki, mülki əhali və kombatantların, yəni münaqişə tərəflərinin silahlı qüvvələrinə daxil olan hərbi heyətin fərqləndirilməsi dövlətlərin təcrübəsində dövlətlərarası silahlı münaqişələrdə tətbiq olunan beynəlxalq adət hüququnun norması kimi tanınır: "Beləliklə, Ermənistan tərəfindən “İskəndər” tipli raketlərin tətbiqi həm beynəlxalq humanitar hüququn, həm də beynəlxalq adət hüququnun pozuntusudur".

Xəbərlər