Plenar iclaslar 25 May 2021, 18:03 | Baxış sayı: 429
Deputat:  "Bu əlavə, dövlət qulluqçularının maddi təminatının yaxşılaşdırmasına şərait yaradacaq".

“Qanuna təklif edilən yeni əlavə və dəyişikliklər hazırkı dövr üçün aktualdır və dövlət qulluğu sahəsindəki münasibətlərin təkmilləşdirilməsi, dövlət orqanlarının səmərəli fəaliyyəti, dövlət qulluğunun nüfuzunun yüksəldilməsi, savadlı, bacarıqlı və istedadlı kadrların bu sahəyə olan marağının artırılması baxımından zəruridir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, dəyişikliklər dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə əlavə haqqın verilməsini nəzərdə tutur: “Burada mühüm məsələlərdən biri dövlət qulluqçusunun müvafiq stajı hesablanarkən onun həm dövlət qulluğunda, həm də dövlət qulluğunun xüsusi növündə olan stajının nəzərə alınmasıdır. Bu əlavə, dövlət qulluqçularının maddi təminatının yaxşılaşdırmasına şərait yaradacaq.

Bu günədək dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri dövlət qulluğu stajına daxil edilmirdi. Hər iki növdə qulluq dövlətin funksiyalarının həyata keçirilməsi sahəsində olan fəaliyyət olmasına baxmayaraq qarşılıqlı olaraq nəzərə alınmırdı, bu hissə müəyyən suallar doğururdu. Bu dəyişikliklərlə həmin suallar öz cavabını tapacaq”.

Deputat qeyd edib ki, qanuna təklif edilən bir sıra əlavə və dəyişikliklər vakant dövlət qulluğu vəzifələrinin tutulması sahəsində yeni imkanlar yaradır: “Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslərin təyinatında səmərəliliyin təmin edilməsi məqsədilə həmin şəxslərin daxili müsahibədə iştirak hüququ nəzərdə tutulub”.

F.Yıldırım bildirib ki, təklif olunan yeniliklər dövlət qulluğuna qəbul sistemində mövcud olan boşluqların, səmərəsiz məqamların aradan qaldırılması baxımından önəmlidir: “Mən deyərdim ki, belə yeniliklərin edilməsi sosial baxımdan sifarişdir. Çünki bu barədə çoxsaylı müraciətlər bizə də daxil olur. Bu yeniliklər dövlət qulluğuna qəbulu stimullaşdıracaq”.

Xəbərlər