Plenar iclaslar 31 May 2021, 13:55 | Baxış sayı: 343
Deputat: "Biz mühakimənin açıq keçirilməsini, dünyanın hər yerindən izlənməsinə şərait yaradılmasını təklif edirik".

“Bakı Hərbi Məhkəməsində iki erməni hərbçinin məhkəməsi başlayır. Müttəhimlər kürsüsündə 12 azərbaycanlıya qarşı qəddar əməllər törədən Xosrovyan və Mkrtçyan əyləşəcək”.

Bunu bu gün Milli Məclisin plenar iclasında çıxışı zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, hər iki şəxs 10 noyabrdan əvvəl, 2020-ci ilin oktyabr döyüşləri zamanı əsir düşüb: “Azərbaycanın bir qrup ictimai-siyasi fəalı, müstəqil mövqeləri ilə seçilən Zərdüşt Əlizadə, Sabit Bağırov və başqaları cənab prezidentə müraciət ediblər ki, İrəvanda xalqı sülhə inandırmaq, millətçi və şovinist dairələrə zərbə vurmaq üçün humanizm göstərib əsirləri azad etsin. Lakin daimi sülhün ədalətli məhkəmədən keçdiyi unudulmamalıdır! Biz mühakimənin açıq keçirilməsini, dünyanın hər yerindən izlənməsinə şərait yaradılmasını təklif edirik. Eləcə də prokurorluq və məhkəmə orqanları dövlətimizin adından ittiham və hökm elan edərkən, təqsirləndirilən şəxslər də titullu vəkil tutmaq istəyirsə, qoy etsin. ”Əsrin məhkəməsi” sayıla biləcək proses zamanı mediamızın soyuqqanlı, obyektiv və balanslı davranacağına inanırıq. Xarici mətbuat da iştirak edə bilər. Şübhəsiz, Avropa Məhkəməsinə daşınacaq prosesin təkcə hüquqi deyil, həm də siyasi məna kəsb etdiyi hamıya bəllidir. Beynəlxalq tribunalarda “siyasi məhbus” adlanacaq belə adamların himayəçiləri 30 illik işğalın xarici ideoloqlarıdır. Ədalətsiz dövlətlərin təzyiqinə 17 il, 44 gün və son 6 ayda mətinliklə dözən Prezident İlham Əliyev Parisin, Brüsselin və Strasburqun çağırışlarının hansı maraqlardan irəli gəldiyini əla bilir. Stalinin Nürmberq prosesi olmasaydı, 3-cü Reyxin sağ qalan təmsilçiləri yeni müharibələr törətməkdən çəkinməzdilər. İsrail dövləti də 1962-ci ildə tərtib etdiyi siyahı üzrə Osvensemi, Holokostu törədənlərin bir qismini cəzalandırdı. İndi 30 ilə yaxındır Hərbi prokurorluqda açılan cinayət işlərinin üzərindən qalın tozu silmək vaxtıdır. Ərazi bütövlüyü, diplomatik münasibətlər belə Xocalı Tribunalı qurmaqdan bizi daşındıra bilməz. Yaxşı qonşuluq münasibətləri, iqtisadi-ticarət əlaqələri və kommunikasiyaların açılması müqəddəs şəhidlərimizə münasibəti dəyişməyəcək. Yeri gəlmişkən, Levon Ter-Petrosyan 10 gün əvvəl konseptual məqalə ilə çıxış edərək, 100 illik torpaq iddialarına son qoymaq üçün xalqına cəsarətlə çağırış edib. Tarix çox ədalətlidir, haqsız qalibi sonda mütləq mühakimə edirlər!”

Xəbərlər