Siyasət 26 May 2023, 16:32 | Baxış sayı: 222
"Danışıqlar prosesi çox ləng getsə də, gec-tez Azərbaycan istəklərinə nail olacaq"

“Moskva görüşündə cənab Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanın bütün iddialarına  tutarlı faktlarla cavab verdi. Cənab Prezident bir daha Azərbaycanın haqlı mövqeyini müdafiə etdi və bunu bütün dünya ictimaiyyəti gördü. Elə həmin tədbirin iştirakçıları da öz jestləri ilə Azərbaycanın mövqeyinin haqlı olduğunu təsdiqləmiş oldular. İstənilən halda Azərbaycan mövqeyində qətidir, regionda uzunmüddətli sülhün və əmin-amanllığın bərqərar olmasını istəyir, Ermənistanla kommunikasiyaların açılmasında maraqlıdır. Azərbaycan bunu öz fəaliyyətində də sübut edir ki, 44 günlük Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın müddəları Ermənistan tərəfindən pozulub, İrəvan öhdəliklərini yerinə yetirməyib”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat düşünür ki, Ermənistan verdiyi sözləri yerinə yetirsə, danışıqlar prosesində söz deyil, əməl, fəaliyyət mərhələsinə keçə bilsə, bu danışıqların müsbət nəticəsi olacaq: “İstənilən halda, ötən üç ilə yaxın müddət ərzində baş vermiş proseslərə nəzər yetirsək, deyə bilərik ki, Azərbaycan mərhələli şəkildə Ermənistanı sülhə məcbur etmək siyasətini reallaşdıra bilir. Əvvəllər tamamilə fərqli mövqedən çıxış edən Ermənistan siyasi rəhbərliyi hazırda artıq Azərbaycanın ərazi bütövlüyünü, Qarabağı Azərbaycan ərazisi kimi qəbul edib və bunu dəfələrlə səsləndirib. Bir sözlə, Laçın yolunda Azərbaycan tərəfindən keçid-nəzarət məntəqələrinin qurulmasından sonra bir daha əmin olduq ki, Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət öz məntiqi nəticəsini verir. Düşünürəm, danışıqlar prosesi də çox ləng, çətin getsə də, gec-tez Azərbaycan öz istəklərinə nail olacaq, Zəngəzur dəhlizi də işə düşəcək, həmçinin Ermənistanla digər kommunikasiya xətləri də bərpa olunacaq”.

Xəbərlər