Siyasət 24 İyul 2023, 0:12 | Baxış sayı: 178
“Cənab Prezidentin nə ehtiyacı var ki, radikal müxalifətin yaydığı məlumatlardan istifadə etsin?”

“Cənab Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı olduqca mühüm, əhəmiyyətli məsələləri gündəmə gətirdi, vacib tezislərini irəli sürdü. Ölkə Prezidenti hər zaman cəmiyyətin nəbzini bilir, insanları narahat edən məsələləri müxtəlif kanallar vasitəsilə əldə edir. Bu prosesdə kütləvi informasiya vasitələrinin, sosial medianın da rolu kifayət qədər böyükdür. Cənab Prezident bildirdi ki, o, imkan daxilində sosial medianı izləyir. Cəmiyyətin nəbzini bilmək üçün bu, olduqca əhəmiyyətlidir. Təəssüflə qeyd etmək istəyirəm ki, bəzi müxalif siyasi dairələr cənab Prezidentin olduqca səmimi mövqeyini yenə də öz bildikləri, səviyyəsizlikləri səviyyəsində şərh etməyə başlayıblar. İçlərində belə bir inam hasil olub ki, yəqin, cənab Prezident onların da statuslarını oxuyur, izləyir, qərarlar qəbul edəndə onları nəzərə alır. Cəmiyyətdə heç bir sosial bazası, ictimai nüfuzu olmayan, siyasi partiyalarını qeydiyyatdan keçirmək üçün 5 min səs toplaya bilməyən, “ölü can”ları partiyalarına üzv edən, bu prosesdə saxtakarlığa yol verən belə müxalif siyasi dairələr indi də fəxr edirlər. Qoy etsinlər. Fəxr edirlər ki, onların mövqelərini, statuslarını cənab Prezident diqqətlə izləyir, oxuyur və özü üçün nəticələr çıxarır...”

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, Prezident İlham Əliyev radikal siyasi dairələrin mövqeyini çox gözəl bilir: “Onlar hər zaman təhrif edilmiş məlumatlar yayır, yalan, iftira danışırlar. Cənab Prezidentin nə ehtiyacı var ki, onların yaydıqları məlumatlardan istifadə etsin? Onlar məlumat yox, dezinformasiyadır. Cənab Prezident cəmiyyətin içindədir, xalqın sevdiyi dövlət başçısıdır. Xalqla çoxsaylı təmasları olu, səfərlər edir, insanlarla görüşür, onların mövqelərini, fikirlərini dinləyir. Bütün bu təmaslar, görüşlər onda rəy formalaşdırır. Sosial şəbəkələri izləyir. Cənab Prezident kifayət qədər müdrik dövlət başçısı, mahir diplomat olduğundan hansı informasiyanın düz, hansının yanlış olduğunu çox gözəl bilir. Axı cənab İlham Əliyevin bu məlumatları dəqiqləşdirmək imkanları da olduqca genişdir. Radikal müxalifət o qədər cılızlaşıb ki, adam onların kiçikliyinin miqyasını ifadə etmək üçün bəzən analoji söz tapa bilmir”.

pravda.az

Xəbərlər